"Türkiyə-Azərbaycan birliyi beynəlxalq müstəvidə vahid güc mərkəzidir" - RƏY

Daxili siyasət
  • 31 may, 2022
  • 12:31
Türkiyə-Azərbaycan birliyi beynəlxalq müstəvidə vahid güc mərkəzidir - RƏY

"Bir böyük millətin iki dövləti Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tarixin bütün sınaqlarından şərəflə çıxaraq, təkcə ölkələrarası deyil, həm də fərd olaraq vətəndaşlıq münasibətləri əsasında möhkəm təməllər üzərində qurulub. Bu sarsılmaz iradə fonunda indiyədək dünya çapında belə qardaşlıq nümunəsi nəzərə çarpmayıb".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, bunun təsdiqi kimi çoxsaylı misallar göstərmək olar. Lakin Prezident İlham Əliyevin təkcə 2014-cü il aprelin 26-da Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunan sammitdə qətiyyətlə vurğuladığı sözləri bir daha xatırlatmaqla bu barədə aydın təsəvvür yaratmaq mümkündür: "Belə ki, dövlətimizin başçısının Ermənistan prezidentinə cavab olaraq bildirdiyi “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” fikirləri Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədiliyinə, heç bir qüvvənin bu dostluğa xələl gətirə bilməyəcəyinə parlaq nümunədir. Bəli, cənab İlham Əliyevin xatırlatdığımız həmin sözləri adıçəkilən mötəbər tədbirdə Türkiyənin təmsil olunmamasından sui-istifadə edən Ermənistanın o vaxtkı prezidentinin qardaş ölkəni, Türkiyəni əsas tənqid hədəfi kimi seçməsinə istiqamətlənən sərt, eyni zamanda, həqiqətə söykənən cavab olmaqla bərabər, həm də türk dünyasına, türk soyuna düşmən gözü ilə baxan xainlərə sərt zərbə, xəbərdarlıq mesajı idi".

R.Mahmudov bildirib ki, belə dostluq, əməkdaşlıq əlaqəsi hər zaman qarşılıqlı olub: "Azərbaycanın lideri İlham Əliyev kimi, Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da beynəlxalq tribunalardan ölkəmizin milli maraqlarının müdafiəsi istiqamətində müdafiə xarakterli kifayət qədər ciddi fikirlər səsləndirib və bu proses qardaşlığın simvoluna çevrilib. Hər iki ölkə rəhbəri tərəfindən bu münasibət, hazırda da dürüst haqq-ədalətə söykənən siyasətlə nümayiş olunur. Bu gün iki qardaş ölkə arasında münasibərlər fövqəl səviyyədə diqqət çəkir. Bu baxımdan prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirakı liderlərin türk dünyasına verdiyi xidmətin növbəti davamının parlaq ifadəsidir".

Deputat qeyd edib ki, aerokosmik və texnologiya festivalında Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir deyən ölkəmizin rəhbəri bu birliyi bölgə üçün, dünya üçün təhlükəsizlik, sabitlik amili hesab edib: "Bununla yanaşı, dövlətimizin başçısı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ölkəmizin haqq savaşının ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” fikrinin xalqımıza əlavə güc və ruh verdiyini bildirib. Azərbaycanını isə bu qardaş dəstəyini heç vaxt unutmayacağını diqqətə çatdırıb. “TEKNOFEST”ti birliyimizin nümayişi, təzahürü adlandıran Prezident İlham Əliyev bunu elm, inkişaf, bilik, texnologiya bayramı adlandıraraq, festivalın Türkiyə və Azərbaycan gənclərinin bir-birlərini daha yaxın tanıdıqlarına şərait yaratdığının əhəmiyyətini vurğulayıb. Qardaş Türkiyənin dünya çapında nüfuzunun artığını diqqətə çatiran ölkəmizin başçısı isə bütün bunların Azərbaycanı da gücləndirdiyini və beynəlxalq miqyasda vahid güc mərkəzinə çevrilməyimizi məmnunluqla ifadə edib. Bakıda keçirilən festivalın əhəmiyyətindən danışan Prezident Rəcəb Tayyib Ərdoğan türk dünyasının ən müasir texnologiyalar istehsal edəcək gənc nəsillərlə mühüm nailiyyətlərin əldə olunmasına əminliyini vurğulayaraq, “TEKNOFEST”çilərin indiyədək Türkiyədə son dərəcə gözəl layihələrə imza atdıqlarını bildirib. Qardaş ölkə lideri Azərbaycanda da eyni uğuru əldə edəcəyinə şübhə etmədiyini diqqətə çatdırıb və ortaq hədəflərin həyata keçirilməsi üçün Azərbaycan ilə sıx əməkdaşlığın bundan sonra da həyata keçiriləcəyini söyləyib".

Son olaraq deputat qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan birliyi beynəlxalq müstəvidə də vahid güc mərkəzidir: "Bu güc mərkəzi iki qardaş xalqın səmimi birliyi üzərində qurulub. Türkiyə-Azərbaycan dostluğu çağdaş dünyanın dəyişkən siyasi gedişatından kənar və müqayisəolunmaz bir ittifaqdır. Bu iki dövlət beynəlxalq arenada həm də bir millətin bir dövlət maraqlarının təmsilçisi kimi qəbul olunur".

44 - Tezliklə