TBMM-in nümayəndə heyəti Qərbi Azərbaycan İcmasını ziyarət edib
- 18 oktyabr, 2023
- 12:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Qərbi Azərbaycan İcmasını ziyarət edib.
“Report”un xəbərinə görə, icmada keçirilən görüşdə TBMM tərəfindən Baş Katib Talip Uzun, Qərbi Azərbaycan İcması tərəfindən İcma sədri Əziz Ələkbərli və digər rəsmilər iştirak edib.
İcma sədri Əziz Ələkbərli bildirib ki, son 200 ildə azərbaycanlıların üzləşdiyi müsibətlərin gedişatında ötən əsr boyunca qərbi azərbaycanlılar dörd dəfə indiki Ermənistan ərazisindən deportasiya edilib, soyqırıma məruz qalıblar: "1987-1991-ci illəri əhatə edən sonuncu deportasiya əsnasında yaradılan təşkilat üç onillik boyunca soydaşlarımızın leqal təmsilçisi olub və bu ilin əvvəlində qəbul edilmiş Qayıdış Konsepsiyasına əsasən Qərbi Azərbaycanlıların geri qayıdışı istiqamətində müvafiq fəaliyyətini həyata keçirir. Öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq Qərbi Azərbaycanlıların fundamental insan hüquqlarıdır və bu hüquqlar təmin olunmalıdır".
İcma sədrinin müavini Ramil Həsən qonaqlara Qayıdış Konsepsiyasında nəzərdə tutulan digər istiqamətlər barədə danışıb, həmçinin Ermənistan ərazisində dağıdılan mədəni irsimiz, qəbiristanlıqlar, dəyişdirilmiş toponimlərimiz barədə məlumat verib, bu abidələrin qorunması ilə bağlı İcmanın UNESCO-ya etdiyi müraciətləri xatırladıb.
Türkiyə Böyük Millət Məclisinin Baş Katibi Talip Uzun dinlədiklərindən təsirləndiyini bildirərək ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu, ağrı-acılarını bölüşdüyünü deyib. "Bir millət, iki dövlət" devizini dilə gətirən Baş katib Türkiyə ilə Azərbaycan arasında olan qardaşlıq modelinin dünyanın başqa heç bir nöqtəsində olmadığını vurğulayıb.
Görüşdən sonra nümayəndə heyəti İcmanın binası ilə tanış olub, burdakı şəkil, xəritə və stendlərlə bağlı qonaqlara məlumat verilib.
Qeyd edək ki, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb. Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, "Əbədi məşəl” abidəsi ziyarət olunub. Nümayəndə heyəti həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib.
Sonra Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisin inzibati binasına gəlib. Parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclisin fəaliyyəti və qanunvericilik prosesinin həyata keçirilməsi prosesi haqqında geniş məlumat verilib.