Süni intellektlə edilən şantajlar şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir - RƏY
- 19 mart, 2026
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Süni intellekt vasitəsilə hazırlanmış saxta mətnlər, görüntülər (deepfake), səs yazıları insanların reputasiyasına zərər vurmaq, onları qorxu altında saxlamaq və ya maddi maraqlar əldə etmək üçün istifadə olunur və bu, şəxsi həyatın toxunulmazlığı prinsipinə açıq şəkildə ziddir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, son dövrlərdə texnologiyanın, xüsusilə süni intellektin sürətli inkişafı yeni imkanlarla yanaşı, ciddi risklər də yaradıb:
"Bu risklərdən ən təhlükəlilərindən biri isə vətəndaşlar haqqında saxta və manipulyativ məlumatların hazırlanması, yayılması və bunun vasitəsilə şantaj və ya təzyiq alətinə çevrilməsidir. Artıq bu, təkcə etik məsələ deyil, birbaşa hüquqi məsuliyyət doğuran ciddi bir problemdir, cəmiyyət üçün təhlükəli tendensiyadır".
Deputat qeyd edib ki, məhz bu kimi riskləri nəzərə alaraq qanunvericilikdə də yeniliklər edilməsi artıq zərurətə çevrilib:
"Cinayət Məcəlləsinə bu sahəni tənzimləyən yeni maddələrin əlavə olunması, süni intellekt vasitəsilə saxta məlumatların hazırlanması və yayılmasına görə konkret məsuliyyətin müəyyən edilməsi həm preventiv, həm də cəza mexanizmi baxımından vacib addımdır. Bu, potensial hüquq pozucularına açıq mesajdır ki, rəqəmsal mühitdə törədilən bu tip əməllər də real hüquqi nəticələr doğurur".
V.Qafarov süni intellekt texnologiyalarının etik istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyinə də toxunub:
"Bu tip halların qarşısını almaq üçün yalnız hüquqi mexanizmlər kifayət etmir. Paralel olaraq rəqəmsal savadlılığın artırılması, insanların informasiya mənbələrini düzgün qiymətləndirmə bacarığının gücləndirilməsi və sosial platformaların məsuliyyətinin artırılması vacibdir. Eyni zamanda, süni intellekt texnologiyalarının etik istifadəsi ilə bağlı maarifləndirmə də ön plana çıxmalıdır. Nəticə etibarilə, süni intellektin imkanlarından sui-istifadə edərək insanlara qarşı təzyiq, şantaj və ya nüfuzdan salma cəhdləri nə texnoloji inkişaf adı altında qəbul edilə bilər, nə də cəmiyyət tərəfindən normal qarşılanmalıdır. Bu istiqamətdə həm qanunvericilik, həm də ictimai yanaşma sərt və prinsipial olmalıdır".
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxsi saxlaması barədə məlumat yayıb. Faktla əlaqədar DTX-də Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edib və detalları danışıb.