Sudanlı mütəxəssis: "Mina problemindən əziyyət çəkən ölkələrə köməklik göstərməyə hazırıq"
- 16 noyabr, 2022
- 13:42
Yeniliklərdən dərhal xəbərdar olun!
"Mina problemindən əziyyət çəkən ölkələrə köməklik göstərməyə hazırıq".
Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında Ağdamda səfərdə olan Sudan Minatəmizləmə Mərkəzinin rəhbəri Xalid Həmdan Adəm deyib.
Minatəmizləmə təcrübələrini bölüşən mütəxəssis deyib ki, Sudan öz ərazisində minatəmizləmə əməliyyatlarına 2002-ci ildən start verib.
O, minalarla işləməyin çətinliyindən söz açıb və söyləyib ki, minaların təmizlənməsi əməliyyatları zamanı ən çətin proseslərdən biri dərinlikdə basdırılan minaların aşkar edilməsidir.
Sudanlı mütəxəssis 2002-ci ildən qazandıqları təcrübəni minalardan əziyyət çəkən ölkələrlə bölüşməyə hər an hazır olduğunu vurğulayıb: "Biz digər ölkələrlə təcrübə mübadiləsi və əməkdaşlığa dair hər zaman açığıq və dəfələrlə bildirmişik ki, mina problemindən əziyyət çəkən ölkələrə köməklik göstərməyə hazırıq. Hazırda Azərbaycanda olmağımın əsas məqsədi də ondan ibarətdir ki, burada ANAMA əməkdaşları ilə təcrübə mübadiləsi aparaq, eynilə də bizdə olmayan, lakin Azərbaycanda istifadə olunan üsullardan biz də öyrənək. Çünki, burada təcrübə mübadiləsinin aparılması bizim üçün çox vacibdir. Düşünürəm ki, Azərbaycanın minatəmizləmə təcrübəsindən mütləq şəkildə mənim də öyrənəcəklərim var".