Spiker: Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb
- 07 may, 2024
- 07:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə hər zamanın dövrün çağırışlarına yaradıcı münasibət göstərərək və düzgün addımlar ataraq insanların ona bəslədiyi ümidləri doğruldub.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Spiker bildirib ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb və bunun üzərində qurulan müstəqil Azərbaycan dövlətini qoruyub saxlayıb.
Onun sözlərinə görə, Ümummilli Liderin başladığı möhtəşəm işlər Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir: "Son iyirmi bir il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan verib. Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti 44 günlük Vətən müharibəsində tarixi qələbəni təmin edib. Ötən ilin sentyabr ayında həyata keçirilmiş bir günlük antiterror tədbirləri isə Azərbaycanın suverenliyini onun bütün ərazisində bərpa etməyə şərait yaradıb. Bu böyük uğur Vətən müharibəsində əldə edilmiş Zəfərin məntiqi davamı və yekunu olub".