Deputatlığa namizəd: "Sosial şəbəkələrdə vəd verməklə seçicilərin inamını qazanmağa çalışmaq düzgün deyil" - MÜSAHİBƏ

Daxili siyasət
  • 03 fevral, 2020
  • 14:29
Deputatlığa namizəd: Sosial şəbəkələrdə vəd verməklə seçicilərin inamını qazanmağa çalışmaq düzgün deyil - MÜSAHİBƏ

12 saylı Qaradağ-Binəqədi seçki dairəsindən deputatlığa namizəd, gənc və tanınmış həkim Şamil Rzayevin "Report"a müsahibəsini təqdim edirik: 

- Gənc olmağınıza baxmayaraq, xeyriyyəçi həkim kimi tanınırsınız, ən azından sosial şəbəkələrdə haqqınızda belə paylaşımlar mütəmadi müşahidə olunur. Buna necə nail olmusunuz və ya tanınmaq üçün hansı metodlardan istifadə etmisiniz?

- Suala cavab verməzdən əvvəl istəyirəm qısa olaraq fikirlərmi bölüşüm. Ümumiyyətlə, hansı peşənin sahibi olmağından asılı olmayaraq öncə insan olmaq lazımdır. Mənim fikrimcə, hər bir insan Vətəninə və xalqına faydalı olmalı, dövlətini və millətini sevməlidir. Ən azından mən belə tərbiyə almışam. Ziyalı ailəsində doğulmuşam və valideynlərim məni bu istiqamətdə tərbiyələndiriblər.

Sizin sualınıza gəlincə, mən özümü nə tanınmış, nə də xeyriyyəçi həkim adlandırmıram. Siz və ətrafdakı insanlar kənardan elə qiymətləndirirsinizsə, çox sağ olun. Sadəcə həkim kimi iş fəaliyyətimə başladığım ilk günlərdən Qarabağ qazilərinə, şəhid ailələrinə və aztəminatlı ailələrə təmənnasız xidmət etmişəm, müalicə və müayinələrini ödənişsiz həyata keçirmişəm. Lakin bunu heç vaxt reklam etmək niyyətində olmamışam. Daha doğrusu, sevmirəm özümü reklam etməyi. Çünki düşünürəm ki, Vətənini, dövlətini sevən hər bir insan xalqı üçün bacardığı qədər xeyirli iş görməlidir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından və qanından keçən insanlara xidmət etmək, xalqı üçün faydalı və xeyirli işlər görmək hər birimizin müqəddəs borcudur.

O ki, qaldı sualınızın “buna necə nail olmusunuz?” hissəsinə - baxın, yuxarıda sadaladığım insani keyfiyyətlərə malik olandan sonra heç bir metodan istifadə etməyə ehtiyac qalmır. Sadəcə elədiyin yaxşılıqlar mütləq haradasa qarşına çıxır.

- Azərbaycanda səhiyyənin vəziyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycanda həkimlərə böyük inamsızlıq yaranıb. Bu da ondan irəli gəlir ki, sovet dövründə təhsil alan bəzi həkimlərin bu sahədəki yeniliklərdən xəbərləri yoxdur. Bəzi həkimlər hətta xəstələri düzgün müayinə-müalicə etmirlər. Və bütün bunlar Azərbaycanda həkimlərə qarşı xalq arasında inanmsızlıq yaradır. Əslində Azərbaycanda çox savadlı, öz sahəsi üzrə peşəkar həkimlər var. Lakin buna baxmayaraq, bəzi həkimlərin ucbatından Azərbaycan səhiyyəsinə etibar etməyən xəstələr müalicə üçün xarici ölkələrə üz tuturlar. Son illərdə isə, ümumiyyətlə, Azərbaycan səhiyyəsində kifayət qədər irəliləyiş və inkişaf var. Azərbaycanda tibb işçilərinin məcburi sertifikatlaşmasının tətbiqi səhiyyə sahəsində vəziyyəti daha da yaxşılaşdırıb. Sevindirici haldır ki, tibb sahəsi üzrə təhsil almaq üçün əvvəllər Azərbaycandan xarici ölkərə üz tutan tələbələrin sayı çoxluq təşkil etdiyi halda, bu gün Azərbaycanda bu sahə üzrə təhsil alan xarici tələbələrin sayı çoxluq təşkil edir. Azərbaycanda müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxana və klinikalar tikilib. Əvvəllər xarici ölkələrdə tibb sahəsi üzrə təhsil alan azərbaycanlılar bura qayıtmırdılar. İndi isə onlar təhsillərini başa vuran kimi Azərbaycana qayıdır və buradakı xəstəxana və klinikalarda çalışırlar.

Lakin səhiyyə sahəsində müəyyən problemlər yenə də qalmaqdadır. Elə xəstəxanalar var ki, orada şəkərli diabet və onkoloji xəstəliklərdən əziyyət çəkənlər üçün ödənişsiz verilməli olan dərman pereparatları onlara satılır. Təbii ki, belə hallar bir çox hallarda xəstəxananın baş həkimi və hətta Səhiyyə Nazirliyindən gizlədilir.

Bildiyiniz kimi Azərbaycanda Təcili Tibbi Yardım Stansiyaları əhali üçün ödənişsiz fəaliyyət göstərir. Dövlət büdcəsindən maliyyələşən bu stansiyalar müasir texnika və avadanlıqlarla, nəqliyyat vasitələri ilə təchiz ediləsə də, bəzən çağırışlar zamanı xəstənin ünvanına və ya baş verən hər hansı hadisə yerinə “təcili yardım” avtomobilləri vaxtında çata bilmirlər.


- Yəqin ki, sadaladığınız bu problemlərin həllinə nail olmaq üçün növbədənkənar deputat seçkilərində namizədliyinizi irəli sürmüsünüz?

- Əslində deputatın işi hər hansı problemi həll etmək deyil. Deputat həmin problemin həllinə nail olmaq üçün adiyyəti qurumların qarşısında məsələ qaldıra bilər. Adiyyəti qrumlar problemlərin həlli üçün əsaslı iş görmədikdən sonra isə deputatın borcudur ki, Milli Məclis qarşısında bu problemləri qaldırsın, məsələni Milli Məclisin komitə və plenar iclaslarında müzakirəyə çıxarsın. Təəssüflər olsun ki, namizdəliyimi verdiyim dairənin ərazisində olan problemlərin həlli üçün bu günə qədər dairənin seçicilərinin seçdiyi deputatların heç biri adiyyəti qurumların qarşısında məsələ qaldırmayıb və Milli Məclisdə müzakirəyə çıxarmayıb.

- Seçkiqabağı təşviqat zamanı namizədliyinizi verdiyiniz dairənin sakinləri ilə tez-tez görüşürsünüz. Onları narahat edən məqamlar və dairənin ərazisdəki əsas problemlər hansılardır?

- Namizədliyimi irəli sürdüyüm rayonda ən çox narahat doğuran məqam insanların ümidsizlik və inamsızlıq hissləri ilə yaşamasıdır.
Qardağ rayonunun Sulutəpə qəsəbəsinin sakinləri ilə söhbət zamanı onların qəsəbə ərazisində uzun illərdir yaşadığı evlərinin çıxarışlarının və digər sənədlərinin olmamasına görə qeydiyyata alınmamağından şikayətləndilər. Çox təəssüflə qeyd etmək istəyirəm ki, Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu sahədə müvafiq fərmanlar verilsə də, bəzi rayonlarda vətəndaşların şikayətləri həll olunmayıb.

Qaradağ rayonunun Puta qəsəbəsində yolların bərbad vəziyyətdə olması, kanalizasiya sisteminin işləməməsi və digər sosial problemlər var. Amma ən acınacaqlı vəziyyət isə bu qəsəbədə normal şəraiti olan tibb məntəqəsinin və aptekin olmamasıdır. İnsanlar yol olmsa, kanalizasiya sistemi işləməsə, qaz, işıq, su olmasa, sadəcə əziyyət çəkəcəklər. Lakin normal tibb məntəqəsi və aptekin olmaması insan həyatına son qoya bilər. Görünən odur ki, bu dairədən əvvəllər seçilən deputatlar sakinlərin həm həyətinə, həm də həyatına laqeyd yanışıblar.

28 May qəsəbəsinin sakinləri ilə görüşdə çox acınacaqlı hallarla qarşılaşdıq. Qəsəbənin əsas problemi yolların bərbad vəziyyətdə olmasıdır. Xüsusilə qış aylarında yağıntılı havalarda yaşlılar və uşaqlar əziyyətlə bu yollardan istifadə edirlər. Şagirdlər palçıqlı yollarla çətinliklə məktəbə gedirlər. Belə şəraitsizlik onların məktəbdəki davamiyyətlərinə və normal təhsil almalarına mənfi təsir edir. İnsanları bu qədər narazı salan problemlərin həll olunmamasını mən yalnız dövlətə və hakimiyyətə qarşı təxribat kimi qiymətləndirirəm.

- Seçicilər arasında təbliğat-təşviqat kampaniyasını hansı üsullarla aparırsınız və sosial şəbəkələr üzərindən təşviqatın aparılmasını necə qiymətləndirirsiniz?

- Hazırda təbliğat-təşviqat kampaniyasını bir çox istiqamətlərdə aparırıq və kampaniyamız uğurla davam edir. Mənim təşviqat kampaniyamın əsası dairənin ərazisində yaşayan gənc və orta nəslin nümayəndələrindən ibarət böyük bir komandadan ibarətdir. Namizədi olduğum dairənin ərazisində mövcud olan və sakinləri daha çox narahat edən əsas problemlərini öyrənmək komanda şəkilində çalışırıq. Çünki fiziki cəhətdən bütün problemləri görmək, onların qeydiyyatını aparmaq mümkün deyil. Lakin komanda şəkilində biz böyük bir ərazinin problemlərini görür, sakinləri narahat edən məslələri qeydiyyata alırıq.

O ki, qaldı sosial şəbəkə üzərindən seçkiqabağı təşviqatın aparılmasına, “Facebook” vasitəsilə insanlara vəd verməklə onların inamını qazanamağa çalışmağı düzgün addım hesab etmirəm. Əgər sən seçicinin problemini daha dəqiq bilmək və onu dinləmək istəyirsənsə, əziyyət çəkib onun ünvanına getməlisən.

Lakin fəal sosial şəbəkə istifadəçisi olaraq seçicilərlə keçirəcəyimiz görüş yeri və saatı barədə elan, görüşlərimizdən hazırlanan videomaterialları “Facebook”da yayımlayırıq.

Çalışıram ki, fərqli və peşəkar şəkildə təbliğat-təşviqat kampaniyası aparım. Hər bir namizədin formalaşmış imici olmalıdır, onun müraciəti və məsələlərə yanaşması çox əhəmiyyətlidir.



- Deputat seçildiyiniz təqdirdə bu məsələlərin həlli üçün hansı işləri görəcəksiniz?

- Əlimdən gəldiyi qədər çalışacağam ki, insanlardakı dövlətə və hakimiyyətdə təmsil olunan bəzi insanlara qarşı inamsızlıqlarını aradan qaldırım. Əgər xalq görsə ki, onun probleminə öz problemin kimi yanaşırsan, onları aradan qaldırmaq üçün yüksək canfəşanlıq göstərirsən və həllini tapmayan məsələləri aidiyyəti qurumların qarşısında qaldırır, Milli Məclisdə müzakirəyə çıxarırsan onda xalqın dövlətə də, hakimiyyətə də sonsuz inamı və etimadı olacaq. Bəzən elə problemlərlə rastlaşırıq ki, onun bəsit həll yolları var. Deməli, əsas problem insanlarla təmasdadır. Hər bir namizəd, deputat və ya məmur birbaşa insanlarla yaxından təmasda olmalıdır. Kənarda oturub problemin həllin gözləməməlidir.

 Antonio Silvestri
Antonio Silvestri

- Sonda bir daha seçki platformanıza nəzər salaq. Əsas diqqət mərkəzində saxladığınız məsələlər hansılardır?

- İlk öncə insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına, dövlətin bu istiqamətdə gördüyü işlərin daha da məhsuldar və effektiv olmasına çalışacağam. Korrupsiya və ədalətsizliyə qarşı mübarizədə ön sıralarda olacağam. Çalışacağam ki, qəsəbələrin yolları bərpa olunsun, ərazidə çıxarışı olmayan bütün evlərə lazımi sənədlər verilsin.

Bundan başqa, qəsəbələrimizin ərazisinin abadlaşdırılması, müasir texniki avdanlıqlarla təchiz olunan tibb məntəqəsinin və apteklərin açılması, qəsəbələrdə idman zonalarının yaradılması və qəsəbə sakinlərinin struktur işsizliyinin aradan qaldırılması üçün aidiyyəti qurumların diqqətini bu istiqamətə yönəltməyə çalışacağam.