Siyasi islahatların hüquqi təminatı və ictimai rəy - MƏQALƏ
- 21 dekabr, 2022
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın siyasi sistemində yeni keyfiyyət dəyişikləri yaratmaq üçün köklü islahatlar davam edir. Son iki ildə istər parlament istərsə də siyasi partiyalar platformasında formalaşan modern konfiqurasiyalar mahiyyət etibarilə tamamilə fərqli, daha demokratik münasibətlər sitemi formalaşdırıb. Hazırda isə siyasi sistemimizin və daxili siyasi aktorların zəruri sifarişindən irəli gələn siyasi partiyalar haqqında qanun qəbul edilərək sistemdaxili münasibətlərin hüquqi əsaslarında da yeni mərhələ yaratdı. Bütün bunlar Azərbaycan üçün yeni reallıqlardır və milli demokratiyamızın, siyasihüquqi münasibətlərimizin daha da inkişaf etməsi baxımından strateji əhəmiyyət daşıyır. Ölkəmizdə həyata keçirilən bu islahatlar daxili milli siyasi aktorların mütləq əksəriyyəti tərəfindən dəstəkənir. Demokratik və hüquqi təfəkkürü obyektiv əsaslarda formalaşan siyasi fəal kollektiv düşüncə və ictimai rəy liderləri baş verənləri obyektiv qiymətləndirəcək qədər kamil davranırlar. Çünki anlayırlar ki, nəticə etibarilə hansı siyasi dünyagörüşün daşıyıcısı olmağına baxmayaraq baş verənlər ümumi ictimaisiyasi maraqlar baxımından təqdir edilməli hadisədir. Bütün bunlar isə demokratiyanın inkişafı və onun hüquqi sistemlə uzlaşdırılması baxımından gələcək siyasi nəsil üçün yaxşı zəmin formalaşdırır.
İlqar Məmədovun manipuliyativ demokratiyası
Ancaq təəssüf ki, siyasi və demokratik təfəkkür baxımından qlobal imperializmin manipuliyativ “demokratiyasının” daşıyıcıları olan bəzi siyasətçilər demokratiya və hüquq arasındakı uzlaşmaya anarxist demokratiya eynəyindən baxmaqla hüquqi normaları və siyasi fəaliyyət üçün əsas yaradan qanunları rədd edirlər. Şübhəsiz ki, bu cür yanaşma əslində qərb demokratiyasında da olmayan, qərbin digər ölkələrə sırıdığı ixracat demokratiyasının mənimsənilməsi hadisəsidir. Çünki Qərbdə yaxşı anlayırlar ki , hüquq olmadan demokratiya da ola bilməz. Ona görə də demokratiyanı çoxluğun insan hüquqları ilə məhdudlaşdırılmış hakimiyyəti adlandırılar. Göründyü kimi məhdudlaşdırma ifadəsi demokratiyanın tərifinin tam da içindədir. Əks təqdirdə demokratiya ilə anarxiyanın bir fərqi olmazdı. Ona görə də qanunlara demokratiyanı məhdudlaşdıran deyil onu qoruyan vasitə kimi baxmaq lazımdır. Ancaq Real Partiyasının sədri İlqar Məmmədov nədənsə özünün və partiyadaşlarının da ictimai müzakirələrində fəal iştirak etdiyi “Siyasi partiyalar haqqında qanun”a qeyri-real eynəkdən baxır və qeyri obyektiv qiymətləndirmə aparır. Məsələn, İlqar Məmmədov “Bəxtiyar Hacıyev bu gün həbs edilməzdi...əgər...,, cümləsi ilə başlayan fikirlərində Azərbaycanın siyasi və hüquqi sistemini şərti siyasi fəlsəfəsi və şərti təhlilləri ilə tənqid etməyə çalşır. Şübhəszi ki, tənqid hətta özünütənqid belə olduqca faydalı işdir anacaq əgər obyektivdirsə. Təəssüf ki, tənqidə qərəz qarışanda belə tənqid ictimai maraqlar baxımından faydalı olmur. Tam əksinə onu manipuliyasiya edən vasitəyə çevrilir. İlqar Məmmədov isə bunu həvəslə edir.
Real partiyası sədrinin tənqidə dözməyən 4 arqumenti
Məsələn, o yazır ki, 1 ay əvvəl, noyabrın 12-də hakimiyyətlə siyasi dialoqumuzun yenilənməsi üçün ona 4 bənddən ibarət və əlavə-dəyişikliyə açıq olan bir gündəlik təklif etdik. Bunlardan birincisi AŞPA meyarlarına əsasən siyasi məhbus kimi tanınan bütün şəxslərin azad edilməsi idi. Ancaq hakimiyyət hələ cavab verməyib. İlqar Məmmədov həqiqəti söyləmir. Məsələ ilə bağlı isə həqiqət budur ki , AŞPA tərəfindən həbs edilmiş və siyasi məhbus kimi tanınan şəxslər üzrə vahid meyarlar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Azərbaycandan olan şikayətlər əsasında Avropa Konvensiyasının 18+5-ci maddəsinin pozuntusu ilə (siyasi motivli həbs) 42 qərar vermişdir. Həmin 42 qərar 10 iş üzrə verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi internet səhifəsindən götürülmüş statistikanın təhlili onu göstərir ki, REAL Partiyası ilə bağlı olan qərarların ümumi sayı 21-dir (sırf REAL Partiyası ilə bağlı 19 qərar + “Məmmədli işi” üzrə 2 qərar (“Rəşad Həsənov və digərləri işi” ilə bağlı olduğundan). Bu qərarlar tam icra edilmişdir. Təkrar edək, tam icra edilmişdir .
Göründüyü kimi partiya sədri İlqar Məmmədov qeyd edilən məsələ ilə bağlı bilərəkdən həqiqəti söyləmir tam əksinə onu manipulyasiya edir. Partiya üzvləri ilə bağlı olan bütün qərarların icra olunmasına baxmayaraq, yenidən bu mövzuya qayıdır. Nə üçün? Bax bu sualın cavabı İlqar Məmmədovun məqsədindində gizlənib. Görəsən onun məqsədi doğurdan da demokratiya və insan hüquqları məsələsidirmi yoxsa anarxiya və qanunsuzluqdur?
İlqar Məmmədovu narahat edən ikinci sual budur ki, Azərbaycandakı seçki pozuntuları haqqında Avropa Məhkəməsinin bütün qərarlarının ümumi islahatlara aid hissəsi tam icra olunmayıb. Həmin məsələ ilə bağlı vəziyyət belədir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi 27 may 2003-cü il tarixində qəbul edilmişdir. Milli Məclisə keçirilmiş seçkilərdə iştirak etmiş siyasi partiya nümayəndələri bir qayda olaraq seçki nəticələrinin düzgün hesablanmadığını iddia edərək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsi bununla bağlı verdiyi qərarlar 2 hissədən ibarət olmuşdur (kompensasiyanın ödənilməsi və Seçki Məcəlləsinin təkmilləşdirilməsi). Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə bu günədək 23 qanunla 297 əlavə və dəyişikliklər edilmişdir. Bu səbəbdən, İlqar Məmmədovun qeyd etdiyi təklif ümumi xarakter daşıyır və heç bir konkret maddəni əhatə etmir. Real partiyasının sədrini daha bir məsələ narahat edir. O hesab edir ki, Avropa Məhkəməsi qərarlarının icrasında Azərbaycanın sonuncu yerdədir. Yuxarıdakı digər iki fikri kimi İlqar Məmmdovun üçüncü iddiası da tamamilə əsassızdır. Bunu Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı rəsmi sitatistika da təsdir edir. Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi internet səhifəsində qərarların icrası ilə bağlı konkret statistika olmasa da, qəbul edilən qərarların son 1 ildə və məhkəmənin bütün fəaliyyət dövründə verilən qərarların sayı var. Belə ki, 2021-ci ilin statistikasına görə Azərbaycan üzrə 36 qərar verilmişdir. Lakin ölkəmizdən sonra ən çox qərar verilmiş ölkələr aşağıdakı kimidir: Bolqarıstan üzrə 37 qərar, Xorvatiya üzrə 37 qərar, İtaliya üzrə 39 qərar, Moldova Respublikası üzrə 68 qərar, Türkiyə üzrə 78 qərar, Rumıniya üzrə 95 qərar, Ukrayna üzrə 197 qərar və Rusiya Federasiyası üzrə 232 qərar. Avropa İnsan Hüquqları Məhkəməsinin bu günədək Azərbaycanla bağlı qəbul etdiyi qərarların sayı isə 251-dir.
Azərbaycandan sonra ən çox qərar verilmiş ölkələr aşağıdakı kimidir: Belçika üzrə 285 qərar, Almaniya üzrə 359 qərar, Portuqaliya üzrə 364 qərar, Sloveniya üzrə 373 qərar, Avstriya üzrə 404 qərar, Slovakiya Respublikası üzrə 409 qərar, Xorvatiya üzrə 474 qərar, Moldova Respublikası üzrə 541 qərar, Böyük Britaniya üzrə 563 qərar Macarıstan üzrə 614 qərar, Bolqarıstan üzrə 774 qərar, Yunanıstan üzrə 1060 qərar, Fransa üzrə 1062 qərar, Polşa üzrə 1220 qərar, Rumıniya üzrə 1673 qərar, Ukrayna üzrə 1696 qərar, İtaliya üzrə 2466 qərar, Rusiya Federasiyası üzrə 3116 qərar və Türkiyə üzrə 3820 qərar. Göründüyü kimi Azərbaycan Məhkəmənin rəsmi statistikasında sonuncu yerdə deyil. Qərarların icrasına nəzarət Avropa Şurası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Hər bir qərar üzrə milli hökumət səviyyəsində işçi qaydasında danışıqlar aparılır. Bu səbəbdən, partiya sədrinin iddiası əsassızdır.
"Siyasi partiyalar haqqında" qanunun manipuliyasiya edilməsi ya məntiq çatışmazlığı ya da siyasi qərəzdir
Nəhayət, Real Partiyası sədrinin dördüncü qeyri real iddiası ondan ibarətdir ki,siyasi partiyalar haqqında yeni hazırlanan qanunun demokratik standartlar, Azərbaycanın indiyədək keçdiyi yol nəzərə alınmaqla hazırlanmayıb. Doğrudur, bu iddia İlqar Məmmədov üçün bir növ idxal edilmiş idddia olduğu üçün ya tərcümə qüsurundan ya da məntiq çatışmazlığından bir qədər başa düşülən deyil. Ancaq hər halda bu da doğru deyil. Ona görə ki , beynəlxalq təcrübədə siyasi partiyaların fəaliyyətini tənzimləyən ümumi hüquqi standartlar mövcud deyil. Hər bir ölkənin öz siyasi mühitinə uyğunlaşdırılmış qanunu vardır. Hətta Avropa Şurasının Venesiya Komissiyası müxtəlif ölkələrin eyni adlı qanunlarına müxtəlif şərhlər vermiş və bu şərhlər eyni məsələlərə fərqli mövqe nəzərdə tutur. Real Partiyasının sosial bazası mövcud deyil və bu səbəbdən partiya sədri aydın anlayır ki, yeni Qanunun tələblərinə uyğun olaraq üzv toplaya bilməyəcək. Bu baxımdan, İlqar Məmmədov siyasi spekulasiyaya, populizmə üz tutaraq Qanun ətrafında ajiotaj yaradır. Ancaq yenə də qeyd edək ki, “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyətlə bağlı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi 233 tövsiyədən 132-si sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aiddir. Həmin 132 tövsiyədən 112 siyasi partiyalar haqqında qanunda nəzərə alınmışdır. Venesiya Komissiyasının 2020-ci ildə qəbul etdiyi təlimatlar isə 2010cu ildə qəbul edilən tövsiyələrin davamıdır. Eyni zamanda Azərbaycanda bu qanun qəbul edilərkən 24 ölkənin uyğun qanunvericilik təcrübəsinə istinad edilmişdir (Almaniya ,ABŞ. Fransa , İsveç ,Türkiyə ,Niderland, Çexiya və s.). Qanun layihəsi Mili Məclisin saytında sentyabrın 7-si rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilmişdir, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilmişdir, layihənin ictimai əhəmiyyəti nəzərə alınaraq qanun layihəsi ilə bağlı 2 ictimai dinləmə (siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə) keçirilmişdir. Qanun layihəsinə 47 siyasi partiyandan 250 dən çox təklif daxil olmuş, dinləmələrdən sonra 110 əlavə və dəyişiklər edilmişdir. Yəni mütləq çoxluğun əksər fikirləri və təklifləri eyni zmanda beynəlxalq hüquq və təcrübə nəzərə alınaraq qanun hazırlanmışdır. Göründüyü kimi əslində Real Partiyasının sədri İlqar Məmmədovun cavab axtardığı sualların bütün cavabları açıq mənbələrdə mövcuddur və əlçatandır. Ancaq bunu fərq etmək üçün gərək Azərbaycanın siyasi mühitini manipuliyasiya etmək üçün xaricdən göndərilən direktivləri təftiş edəsən. Görünür İlqar Məmmədovun buna ya vaxtı ya da həvəsi olmayıb .Ona görə də "idxal demokratiyanın dağıdıcı tezislərini" tələm-tələsik milli siyai mühitimizə ötürməklə "sanballı" siyasi gediş etdiyini düşünüb. Ancaq nəticə arzu etdiyi məqəsədlər baxımında tamailə səmərəsiz olub.
Hikmət Babaoğlu
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü