"Səyyar Gənclər Xidməti"nin bağlanış mərasimi Xankəndidə başa çatıb

Daxili siyasət
  • 25 noyabr, 2025
  • 13:34
Səyyar Gənclər Xidmətinin bağlanış mərasimi Xankəndidə başa çatıb

"Səyyar Gənclər Xidməti"nin bağlanış mərasimi Xankəndidə başa çatdırılıb.

"Report" xəbər verir ki, "Suveren dövlət, vətənpərvər gənclik" devizi ilə keçirilərək gənclərin hərtərəfli inkişafına dəstək olan layihə cari ilin avqust ayından etibarən 15 şəhər və 132 kəndi əhatə etməklə 5 mindən çox gənci bir araya gətirib.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Qarabağ Universitetinin Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Rüstəm İsgəndərli və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək "Səyyar Gənclər Xidməti"nin ölkə gənclərinin maarifləndirilməsinə, dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinə və onların şəxsi inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Tədbirin rəsmi hissəsindən sonra "Gənc Könüllülər" İctimai Birliyinin sədri Ayxan Allahverdiyev rəsmi qonaqları və iştirakçıları xidmətin fəaliyyət sahəsi ilə tanış edib. Ardınca gənclərin iştirakı ilə dövlət gənclər siyasəti, ixtisas seçimi, karyera planlaması, şəxsi inkişaf və könüllülük kimi mövzuları əhatə edən maarifləndirici sessiyalar və təlimlər keçirilib.

Bununla yanaşı interaktiv fəaliyyətlər - vörkşoplar, master-klasslar, intellektual yarışlar və viktorinalar təşkil olunub. Stolüstü oyunlar və komanda əsaslı əyləncə proqramları gənclərin asudə vaxtının səmərəli təşkili və sosial bacarıqlarının inkişafına şərait yaradıb. Fəallığı ilə fərqlənən iştirakçılar mükafatlandırılıb.

Xatırladaq ki, "Səyyar Gənclər Xidməti" layihəsi Azərbaycan Gənclər Fondunun dəstəyi, "Gənc Könüllülər" İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti