Şərqi Zəngəzur regionun nəqliyyat habına çevrilir - RƏY

Daxili siyasət
  • 29 oktyabr, 2025
  • 15:22
Şərqi Zəngəzur regionun nəqliyyat habına çevrilir - RƏY

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən intensiv bərpa və yenidənqurma işləri nəticəsində Şərqi Zəngəzur regionun nəqliyyat habına çevrilməkdədir.

Bu fikriləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir:

"Uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin gələn il istifadəyə veriləcəyi gözlənilir. Uzunluğu 124 km olan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu isə artıq tamamlanmaq üzrədir. Dəhlizin Ermənistan ərazisindən keçəcək hissəsində işlərin planlaşdırılmasını da nəzərə aldıqda Zəngəzur marşrutunun 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Bu isə Orta Dəhlizin regional imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək".

Vüqar Bayramov

Deputatın fikrincə, Şərqi Zəngəzur həmçinin böyük turizm, sənaye və aqrar potensiala malik bölgədir:

"Ölkə Prezidentinin Zəfərdən sonrakı 5 il ərzində işğaldan azad olunmuş ərazilərə səfərləri ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu isə o deməkdir ki, Şərqi Zəngəzur yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında əsas inkişaf drayverlərindən birinə çevriləcək. Bərpa-yenidənqurma prosesindən sonra Qarabağ və Şərqi Zəngəzur 12 milyard manatdan artıq yeni dəyərin formalaşmasına və bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına töhfə verə biləcək".

Xatırladaq ki, Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilana səfəri zamanı yeni təməlqoyma mərasimləri ilə yanaşı, həmin ərazilərə köçürülən sakinlərə mənzillərin açarları təqdim olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti