Şabranda Zəfər Günü ilə bağlı Şəhidlər xiyabanı izdihamla ziyarət olunub
- 08 noyabr, 2023
- 15:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Şabran sakinləri böyük qələbənin əldə olunması üçün canından keçən qəhrəman oğullarımızın uyuduğu Şəhidlər xiyabanına axın ediblər.
"Report"un Şimal bürosunun məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, hüquq-mühafizə orqanlarının, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sakinlər tərəfindən şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub.
Tədbirin davamı olaraq Gəndob-Xaçmaz-Yalama yolunun 126-ci km-də, magistralın Şabran şəhərinin ərazisindən keçən hissəsinə 200 ədəd şam və çinar ağac növləri əkilərək gübrələnib, suvarma işləri aparılıb.
Daha sonra Şabran Mədəniyyət Evində “Zəfərimiz əbədidir” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə qeyd edilib ki, hər bir şəhidimizin, qazimizin amalı torpaqlarımızı işğaldan azad etmək və zəfər qazanmaq olub.
Bildirilib ki, 30 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazaraq Qələbə qazanması, işğal altında olan yaşayış məntəqələrimizin, strateji yüksəkliklərin azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaradıb.