Rüfət Əliyev: İndiyə qədər 328 itkin düşmüş şəxsin genetik identifikasiyası həyata keçirilib

Daxili siyasət
  • 08 oktyabr, 2026
  • 12:03
Rüfət Əliyev: İndiyə qədər 328 itkin düşmüş şəxsin genetik identifikasiyası həyata keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb Baş idarəsinin (HTBİ) Genetik araşdırmalar mərkəzində indiyədək 328 nəfər itkin düşmüş şəxsin genetik identifikasiyası həyata keçirilib.

"Report" xəbər verir ki, bunu DTX Hərbi-tibb Baş idarəsinin rəisi, general-mayor Rüfət Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.

O bildirib ki, Genetik araşdırmalar mərkəzinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və digər aidiyyəti dövlət qurumlarına rəqəmsal transformasiyası, modern texnoloji cihaz və avadanlıqlardan istifadə edilməsi tədqiqatların etibarlılığını və xidmət keyfiyyətini artırıb:

"Əldə edilən nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesinə ictimai etimadı daha da gücləndirib. Yeni nəsil DNT texnologiyaları genetik mütəxəssislərin bilik və bacarıqlarının yenilənməsini birmənalı olaraq zəruri edir. Xüsusi təlimlər və davamlı peşəkar inkişaf həm fərdi, həm də təşkilati səviyyədə qarşıya əsas vəzifə kimi qoyulub".

Baş idarənin rəisi qeyd edib ki, Genetik araşdırmalar mərkəzinin laboratoriyası 2024-cü сü ilin may ayında Beynəlxalq Standartlaşdırma Təşkilatının Milli Akkreditasiya Mərkəzi tərəfindən standarta uyğun olaraq akkreditasiya olunub və sertifikatlaşdırılıb:

"Laboratoriyanın bioloji materialların idarə edilməsində beynəlxalq keyfiyyət standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə biobankların səlahiyyətləri, qərəzsizliyi və ardıcıl fəaliyyəti üçün hazırlanmış ISO 20387 standartının tətbiqi və akkreditasiyası üzrə bütün hazırlıq mərhələləri uğurla tamamlanıb və cari ilin noyabr ayında akkreditasiya prosesinin baş tutacağı gözlənilir".

R.Əliyev deyib ki, dinamik və sürətlə dəyişən elmi mühit şəraitində genetik araşdırmalar sahəsində multidissiplinar yanaşma nəzərə alınaraq, yerli mütəxəssislər Kipr, Avstraliya, Türkiyə, İsveçrə, Rumıniya, Niderland, eləcə də Bakıda və ölkənin digər bölgələrində beynəlxalq elmi konfranslarda və seminarlarda fəal iştirak ediblər:

"Bu ilin sentyabrında Türkiyənin Antalya şəhərində keçirilmiş "21-ci Beynəlxalq Məhkəmə Ekspertizası Günləri"nə qatılan HTBİ nümayəndələri 80 fərqli universiteti təmsil edən alimlər və beynəlxalq ekspert icması ilə birgə DNT araşdırmalarının şəxsiyyətin müəyyənləşdirilməsindəki rolunu müzakirə ediblər. Panel dinləmələrdə fəal iştirak edən heyətimiz tanınmış mütəxəssislərlə DNT əsaslı tədqiqatlarda yeni metodların tətbiqi və bu sahədəki son nəsil texnoloji avadanlıqların iş prinsipləri ətrafında geniş fikir mübadiləsi aparıblar".

O əlavə edib ki, mövcud infrastruktur və təcrübəli mütəxəssis heyəti sayəsində Genetik araşdırmalar mərkəzinin potensialını məhkəmə-tibbi ekspertiza fəaliyyətinə və ədalət mühakiməsinin həyata keçirilməsi prosesinə geniş şəkildə inteqrasiya etmək əsas hədəflərdən biridir:

"Bu istiqamətdə Azərbaycan Baş Prokurorluğunun və digər hüquq-mühafizə orqanlarının qərarlarına uyğun olaraq, çətin identifikasiya olunan nümunələr üzərində mürəkkəb genetik ekspertizalar artıq uğurla icra olunur".