Rey Kərimoğlu: Azərbaycanda ilk dəfə QHT mina insidentlərinin koordinatlarını müəyyən edəcək
- 06 iyul, 2026
- 16:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi "Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək" layihəsinin icrasına başlayıb.
Bunu "Report"a açıqlamasında İctimayi Birliyin sədri Rey Kərimoğlu bildirib.
O qeyd edib ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə maliyyə dəstəyi ilə həyata keçirilir.
R. Kərimoğlunun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı illərdə həmin ərazilər 1,5 milyona yaxın mina və partlamamış hərbi sursatla çirklənib:
"2020-ci ildən bu yana baş vermiş mina insidentlərinin yerləri məlumdur. Ancaq birinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarının intensiv getdiyi ərazilərdə mina hadisələrinin yerlərinin koordinatları yoxdur. Əvvəllər həyata keçirdiyimiz layihələrin nəticəsində bizdə 1360 minadan zərər çəkmiş vətəndaşdan ibarət məlumat bazası formalaşıb. Biz onların köməyi ilə həmin ərazilərə gedəcək və o yerlərin koordinatlarını müəyyən edib mina xəritələrinin hazırlanması üçün ANAMA-ya təqdim edəcəyik".
O qeyd edib ki, ilkin mərhələdə layihə 4 ay ərzində Ağdam, Ağdərə və Tərtər rayonlarının ərazisində icra ediləcək, gələcəkdə işğaldan azad edilmiş digər əraziləri də əhatə etmək planlaşdırılır.
R. Kərimoğlunun sözlərinə görə bu, Azərbaycanda QHT tərəfindən həyata keçirilən ilk belə layihədir:
"Hətta əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların bizə verdiyi məlumata görə bu, dünya təcrübəsində də unikal hadisə sayılır".