Rəşad Həsənov: Rəqəmsal mühitdə uşaqların qorunması texniki təhlükəsizlik qədər vacibdir
- 15 iyul, 2026
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Kibertəhlükəsizlikdən danışarkən adətən serverlərin və avadanlıqların qorunmasını nəzərdə tutulsa da, bu sahədə insan amili də ən az texniki təhlükəsizlik qədər vacibdir.
"Report" xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada bildirib.
Nazir müavini qeyd edib ki, xüsusilə də rəqəmsal mühitdə uşaqların qorunması məsələsi xüsusi əhəmiyyət daşıyır:
"Son dövrlərdə həm ictimai dinləmələrdə, həm də cəmiyyətdə sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması ilə bağlı qanun layihəsi geniş müzakirə olunur. Bu təşəbbüsün əsas məqsədi uşaqları rəqəmsal mühitdə daha etibarlı şəkildə qorumaqdır. Bəzən bu layihə uşaqlar üçün sosial medianın qadağan edilməsi kimi təqdim olunur. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Söhbət sosial medianın qadağan edilməsindən yox, uşaqların rəqəmsal platformalarda təhlükəsizliyinin təmin olunmasından gedir".
O vurğulayıb ki, layihəyə əsasən, 16 yaşdan aşağı uşaqlar üçün fərdi sosial media hesablarının yaradılması qadağan edilir, 16–18 yaş arası şəxslər isə valideyn nəzarəti ilə bu platformalardan istifadə edə biləcəklər.
"Bir vacib məqamı da xüsusi vurğulamaq istərdim. Burada söhbət təhsil, səhiyyə və ya peşəkar platformalardan getmir. Məsələn, uşaq Khan Academy və ya digər onlayn təhsil platformalarından istifadə edirsə, bu məhdudiyyət ona şamil edilmir. Qanun layihəsi yalnız yaş məhdudiyyəti tətbiq olunan sosial media platformalarını əhatə edir".
Rəşad Həsənov deyib ki, bu, rəqəmsal mühitdə uşaqların qorunması istiqamətində mühüm addımdır:
"Beynəlxalq təcrübə də bunu göstərir. Avstraliya bu sahədə ilk addım atan ölkə olub. Böyük Britaniya, Fransa, İspaniya və digər ölkələrdə də oxşar təşəbbüslər müxtəlif mərhələlərdədir – bəzilərində parlamentdə, bəzilərində isə hökumət səviyyəsində müzakirə olunur".