Rektor: "Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub"

Daxili siyasət
  • 26 aprel, 2023
  • 07:16
Rektor: Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub
Elçin Babayev

"Əziz və unudulmaz xatirəsi hər zaman bizimlə olan Ümummilli Liderimizin mənəvi ömrünün 100-cü zirvəsindən ötən illərə baxdıqca bir daha şahid oluruq ki, XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Heydər Əliyev siyasəti – bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq siması dayanır".

"Report" xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Rektor bildirib ki, həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib:

"Ümummilli Lider öz soy-kökünə, milli-mənəvi dəyərlərimizə söykənərək misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Müdrik xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, Azərbaycanın müstəqilliyə gedən yolunun təməllərini formalaşdırdığını çox yaxşı dərk edir. Məhz həmin illərdən başlayaraq Azərbaycan Heydər Əliyevin inanılmaz səyləri ilə sovetlər birliyinin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir ölkəyə çevrildi".

E.Babayev qeyd edib ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi: "Bu strategiyanın siyasi, iqtisadi, hərbi, sosial sferalarda uğurla gerçəkləşdirlməsi üçün Ulu Öndər tərəfindən misilsiz addımlar atıldı. Azərbaycan etibarlı tərəfdaş kimi dünyada qəbul olundu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, Ulu Öndər Heydər Əliyevin misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. İllər sonra möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi qələbənin təməlləri yaradıldı".

"Bu gün biz qürur hissi ilə qeyd edirik ki, Ulu Öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, “Mən çox xöşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” - kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda Azərbaycan xalqının, Azərbaycanın milli sərvəti, milli iftixarı adlandırdığı Bakı Dövlət Universitetinin kolektivi də bütün xalqımız kimi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı rəğbətlə qarşılayır, həmişə olduğu kimi, bu yubiley günlərində də Ulu Öndərin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir", - rektor əlavə edib.