Rəis müavini: Xüsusi icra məmurları öz funksiyalarından kənar fəaliyyətlə məşğul ola bilməzlər
- 12 iyun, 2026
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Xüsusi icra məmurları elmi, pedaqoji və ya yaradıcı fəaliyyət istisna olmaqla, öz funksiyaları ilə bir araya sığmayan digər fəaliyyətlə məşğul ola bilməzlər.
"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyi İcra Xidmətinin rəis müavini, Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkədə ilk dəfə xüsusi icra məmuru imtahanında iştirak etmək üçün hüquqşünas olmayan, ali təhsilli şəxslərə də şərait yaradılıb:
"Hazırda həmin şəxslər arasında da kifayət qədər namizəd var və onlar imtahanda iştirak edirlər. Lakin onlar xüsusi icra məmuru olduqdan sonra artıq digər peşə fəaliyyəti ilə məşğul ola bilməzlər. Çünki qanunvericiliyin tələbinə görə, xüsusi icra məmurları elmi, pedaqoji və ya yaradıcı fəaliyyət istisna olmaqla, öz funksiyaları ilə bir araya sığmayan digər fəaliyyətlə məşğul ola bilməzlər".