Qusarda "Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilib
- 12 dekabr, 2025
- 12:41
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qusar rayonunda "Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilib.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev təkcə siyasi lider deyil, həm də Azərbaycan xalqının milli kimliyini, tarixi yaddaşını, dini və mənəvi dəyərlərini qoruyan böyük şəxsiyyət idi: "Onun fəaliyyəti Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmlənməsi, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz rol oynayıb".
Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin əməkdaşı Ülvi Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisidir: "O, milli-mənəvi dəyərlərimizi xalqımızın yalnız milli varlığının deyil, həm də siyasi kimliyimizin vacib atributu kimi qiymətləndirirdi. Heydər Əliyev hər zaman mənsub olduğu xalqın tarixi keçmişinə, zəngin mənəvi irsinə və milli dəyərlər sisteminə dərindən bağlı olub".
Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamran Sədullayev Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin inkişafında əvəzsiz xidmətlərindən bəhs edib.
K.Sədullayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt ardıcıllıqla davam etdirilir, multikultural və tolerant mühitin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirilir.
Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, Regional Mədəniyyət İdarəsinin əməkdaşı Elvira Hacıbalayeva, eləcə də Vətən müharibəsi qazisi Volodya Maverdiyev çıxışlarında bildiriblər ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur.