Qərbi Azərbaycan Xronikası: "Sevan" gölü Göyçə adlanacaq, azərbaycanlılar geri qayıdacaq

Daxili siyasət
  • 14 noyabr, 2025
  • 03:56
Qərbi Azərbaycan Xronikası: Sevan gölü Göyçə adlanacaq, azərbaycanlılar geri qayıdacaq

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda azərbaycanlıların indiki Ermənistana qayıdışı ilə bağlı səsləndirdiyi fikirlərə, Qərbi Azərbaycan Konsepsiyasının sülh dövründə necə reallaşacağının perspektivlərinə yer verilir.

Bildirilir ki, azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi hədəfində heç bir dəyişiklik yoxdur: "Dövlət başçısı bildirib ki, azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə əsas vəzifə dövlətin üzərinə düşür. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır".

Qeyd olunur ki, Azərbaycan liderinin fikirlərinin Ermənistanda müzakirəsi diqqət çəkir: "Baş nazir Nikol Paşinyan bildirib ki, Azərbaycan Prezidenti bəyan edib, Çar Rusiyasının xəritələrinə baxsaq, orada "Sevan" adı yoxdur. O, Sevanı Göyçə adlandırmır, deyir ki, Çar Rusiyasının xəritələrində Sevan adı yoxdur. Azərbaycan tərəfi Ermənistan parlamentində niyə "Dağlıq Qarabağın bayraqlarının" asıldığını soruşur və bildirirlər ki, əgər belədirsə, biz də Sevana Göyçə deyəcəyik".

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə azərbaycanlıların tanklarla yox, maşınlarla qayıdışı məsələsini sülh prosesi olaraq qiymətləndirib.

Ermənistan müxalifəti isə iddia edir ki, Azərbaycan Prezidentinin bəyanatları və rəsmi İrəvanın mövqeyi azərbaycanlıların tezliklə qayıdacağından xəbər verir: "Azərbaycanın əsas hədəflərindən biri həm də şirin su ehtiyatlarına çıxmaqdır. "Sevan" gölü tezliklə Göyçə olacaq və azərbaycanlılar geri qayıdacaqlar.

Sonda vurğulanır ki, reallıq dəyişməz olaraq qalır: Qərbi Azərbaycana qayıdış reallaşacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti