Qərbi Azərbaycan Xronikası: Erməni faşizminin kökləri
- 10 sentyabr, 2025
- 21:39

"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Erməni faşizminin kökləri" adlı veriliş hazırlanıb.
"Report" xəbər verir ki, verilişdə siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Türkiyənin, Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı erməni faşizminin köklərindən, Ermənistanın faşizm siyasəti və Qaregin Njde həqiqətlərindən danışıb.
O bildirib ki, tsexakronizm Hitlerlə əməkdaşlıq edən erməni təlimidir: "Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi. Ermənistan irqçilik və terror üzərində qurulan dövlətdir. Ermənistanda terrorçulara niyə heykəl qoyulur?"
Onun sözlərinə görə, Zəngəzurdan Qarabağa faşist ideologiyanın hədəfləri, ermənilərin "ari irq" planında almanlarla ittifaq planı, Ermənistan liderlərinin nasistlərlə iş birliyi olub.
Q.Çaxmaqlı deyib ki, Ermənistanda terroru rəsmiləşdirən siyasət aparılıb: "Armenizm ideologiyası bəşəriyyət üçün bəladır".
Xatırladaq ki, "Qərbi Azərbaycan Xronikası" layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

