Qərbi Azərbaycan Xronikası: Ermənilərin ölü kəndə çevirdiyi Aşağı Şipirxan
- 16 sentyabr, 2025
- 23:00

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Ermənilərin ölü kəndə çevirdiyi Aşağı Şipirxan" adlı süjet hazırlanıb.
"Report" xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik və Aşağı Şorca toponimi haqqında söz açılır.
Bildirilir ki, Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən, təxminən, 5 faizi Azərbaycan, rus və çarpazlaşmış, qarışmış oykonimlər istisna olmaqla qalan bütün yaşayış məntəqələrinin adları ucdantutma erməniləşdirilib.
Vurğulanır ki, adı çəkilən toponimlərin taleyi bir daha onu göstərir ki, ermənilər tərəfindən Qərbi Azərbaycanda xalqımızın zəngin maddi-mənəvi irsi şüurlu və planlı şəkildə tamamilə məhv edilib: "Təbii ki, aparılan saxtalaşdırmalar azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasətidir. Amma Qərbi Azərbaycan hədəfinə addım-addım yaxınlaşma şovinist erməni siyasətini nəticəsis qoyacaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

