Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib - YENİLƏNİB
- 13 oktyabr, 2025
- 13:17
"Mənəvi dəyərlər" həftəsi çərçivəsində Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində "Mənəvi dəyərlər" gününün açılış mərasimi olub.
"Report"un Xankəndiyə ezam edilmiş əməkdaşı xəbər verir ki, layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqində "Mənəvi dəyərlər" gününün məhz Qarabağ Universitetində keçirilməsinin rəmzi və strateji önəm daşıdığını bildirib. Gənclərin milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik prinsipləri əsasında yetişdirilməsinin Universitetin qarşısına əsas vəzifə kimi qoyulduğunu vurğulayıb. Bu cür layihələrin gənc nəslin milli kimlik şüurunun möhkəmləndirilməsinə, ailə dəyərlərinin, tarixi irsimizin, o cümlədən Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və mənəvi irsinin təbliğinə töhfə verdiyini qeyd edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Zəfərin 5 illiyi münasibəti ilə "Mənəvi dəyərlər" həftəsinin təşkil olunmasının böyük əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələr, "Böyük qayıdış" proqramı haqqında ətraflı məlumat verən E.Yusubov bildirib ki, bu gün Qarabağda və bütövlükdə işğaldan azad edilmiş ərazilərdə təkcə dağıdılmış infrastrukturu deyil, insanlarımızın qəlbindəki inancı, mərhəməti və birliyi də bərpa edilir. Mədəni və mənəvi irsimizin qorunmasına istiqamətlənmiş dövlət siyasəti çərçivəsində Qarabağda məscidlər, kilsələr, ziyarətgahlar, mərkəzlər və təhsil ocaqları bərpa olunur, yenidən qurulur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri sosial-iqtisadi və siyasi əhəmiyyəti ilə yanaşı, həm də mənəvi məzmun daşıyır. Bu prosesin xalqımızın onilliklər ərzində qırılmış qürurunun bərpası olduğunu vurğulayan Komitə sədri deyib ki, Qarabağ Universitetinin yaradılması tarixin yeni bir dövrünün işarəsidir. Azərbaycan xalqı 30 il ərzində dağıdılmış, viran qoyulmuş torpaqları təhsil, mədəniyyət və iqtisadi rifah mərkəzinə çevirir. R.Məmmədov qeyd edib ki, elm və mənəviyyat yenidənqurmanın iki əsas sütunudur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeliyindəki qurumların da əsas məqsədi milli həmrəyliyi, dini dözümlülüyü və mənəvi dəyərləri qorumaq, inkişaf etdirmək, gənclərin düşüncəsində bu dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxışında Qarabağın elmi, dini-mənəvi irsinin qorunması və yeni nəslə aşılanmasının vacibliyini qeyd edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun öz fəaliyyətlərində bu məqama xüsusi diqqət yetirdiyini bildirib. Mənəvi Dəyərlərin Təbliği Fondunun İnstitutun yüksək elmi göstəriciləri olan tələbələri üçün ayırdığı mükafatlardan ikisinin məhz Qarabağın elmi-mənəvi tarixi ilə bağlı olduğunu vurğulayıb.
Eyni zamanda, Xankəndi Universiteti və İlahiyyat İnstitutunun müəllimkləri mənəvi dəyərlər mövzusunda mühazirələr oxuyublar.
Tədbirin yekununda Qarabağ Universiteti İncəsənət fakültəsi tələbələrinin iştirakı ilə ədəbi-bədii proqram təqdim olunub.
"Mənəvi dəyərlər" həftəsi çərçivəsində Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində "Mənəvi dəyərlər" gününün açılış mərasimi başlayıb.
"Report"un Xankəndiyə ezam edilmiş əməkdaşı xəbər verir ki, layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və digər rəsmi şəxslər iştirak edirlər.
Açılış mərasimindən sonra Qarabağ Universiteti və İlahiyyat İnstitutu müəllimlərinin milli-mənəvi dəyərlər mövzusunda mühazirələri dinləniləcək.
Yekunda Qarabağ Universiteti İncəsənət fakültəsi tələbələrinin iştirakı ilə ədəbi-bədii proqram təqdim olunacaq.
Qeyd edək ki, sözügedən layihənin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə, tarixi ənənələrə, eləcə də milli irsə bağlılığın təşviqidir.