Prezidentin müsahibəsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu - RƏY

Daxili siyasət
  • 06 yanvar, 2026
  • 17:49
Prezidentin müsahibəsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu - RƏY

Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil xarici siyasətinin əsas tərkib hissələri olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında mühüm uğurlara imza atıb.

"Report"un məlumatına görə, bu barədə Milli Məclisin deputatı Vüqar Rəhimzadə Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsini şərh edərkən deyib.

Vüqar Rəhimzadə vurğulayıb ki, D-8 təşkilatına üzv qəbul olunduqdan sonra Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz dərhal fəal işlərə başladı:

"Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır. Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Bu da nadir hadisə sayıla bilər. Çünki coğrafi nöqteyi-nəzərdən Azərbaycan Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşir. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər".

O qeyd edib ki, dövlət başçısı İlham Əliyevin xarici ölkələrə, onların liderlərinin Azərbaycana çoxsaylı səfərləri, Prezidentimizin beynəlxalq tədbirlərdə iştirakı, qlobal çağırışların yerinə yetirilməsində Azərbaycanın mövqeyinə xüsusi önəmin verilməsi və sair kimi məqamlar da xarici siyasətin uğurları sırasındadır.

Millət vəkili ötən ilin iqtisadi uğurlarına da diqqəti yönəldib:

"Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev müsahibəsində bu məqamı xüsusi qeyd etdi ki, ölkəmiz iqtisadi cəhətdən tamamilə müstəqil olduğuna və hər hansı bir dəstəkdən, istənilən kreditdən və ya nədənsə asılı olmadığına görə bugünkü vəziyyət bizi qane edir. Bir neçə il bundan əvvəl xarici borcumuzu azaltmaq üçün hökumətin qarşısına vəzifə qoydum və buna nail olduq. "Rəqəmlər, əlbəttə ki, vacibdir, lakin ən önəmlisi insanların gündəlik həyatı və ölkənin iqtisadi imkanlarıdır" söyləyən Prezident İlham Əliyev vurğuladı ki, iqtisadiyyat nə qədər böyükdürsə, hər bir faiz artımının dəyəri də bir o qədər yüksək olur. Belə ki, iqtisadiyyatın həcmi təxminən 70-80 milyard ABŞ dolları olduqda, hər bir faiz artımı demək olar ki, 1 milyard dollar edir".

Vüqar Rəhimzadə bildirib ki, tarixi Zəfərimizin reallıqları fonunda əsas hədəflərdən biri məhz Böyük Qayıdış Proqramının uğurlu icrasıdır:

"Prezident İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə diqqət yönəltməsin. Dövlət başçısının qeyd edilən müsahibəsi də bu baxımdan diqqətdədir. Prezident İlham Əliyev bu çağırışı etdi ki, əsas məqsəd keçmiş köçkünləri oraya qaytarmaqdır. Bu gün artıq 70 min insan orada yaşayır".

Millət vəkili qeyd edib ki, sözügedən müsahibə Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, həmçinin onların əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin təqdimatı oldu.

Vüqar Rəhimzadə bildirib ki, atılan bütün addımlar müasir müstəqil, qalib Azərbaycanın gələcəyinə xidmət edir.

"Azərbaycan ən sabit, təhlükəsiz ölkələr sırasındadır. Ölkəmizin hərtərəfli inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Şəffaflığın təmin edilməsi əsas prioritetlər sırasındadır. Prezident İlham Əliyev müsahibəsində bir daha bu çağırışı etdi ki, hər halda ümumi inkişafımız üçün hər bir insan, xüsusilə vəzifə sahibi ürəklə işləməlidir, xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına - buna daha dözülməz olmalıyıq. Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olub".

Son xəbərlər

Bütün Xəbər Lenti