Polisin nüfuzuna xələl gətirən paylaşımlar yolverilməzdir - RƏY
- 29 iyun, 2024
- 11:21
Üç nəfər polis əməkdaşının cinayətkar tərəfindən qətlə yetirilməsi hər kəsi kədərləndirmişdi. Belə ciddi hadisədən sonra düzgün olmayan fikirlərin yayılması, şayiələrin ortaya atılması, polisin nüfuzuna xələl gətirilməsi ilə əlaqədar paylaşımlar yolverilməzdir.
Bu fikirləri "Report"a “Qürur” Şəhid Ailələrinə Xeyriyyə İctimai Birliyinin rəhbəri, şəhid bacısı Naibə Behbudova deyib.
Onun sözlərinə görə, Azərbaycanın güclü qanunları, ordusu və nizam-intizamı var: "Polisimiz bizim asayişimizin keşiyində dayanır. Hətta onlar olmasa, ölkədə xaos baş alıb gedər, cinayətkarlar ortaya çıxar, xaotik hadisələrin ardı-arası kəsilməz. Yadımızdan çıxarmayaq ki, işğaldan azad olunmuş ərazilərdə görülən işlər, təhlükəsizliyin təmin olunması, insanların rahat köçürülə bilməsi məsələsində də polislərimizin rolu danılmazdır. Ötən il həyata keçirilən antiterror əməliyyatlarında onlarla polis əməkdaşını şəhid verdik. Onların ailələrinə səbir diləyirəm".
Şəhid bacısı bildirib ki, bəzən sosial şəbəkələrdə həqiqəti əks etdirməyən, eyni zamanda ictimaiyyəti yanlış yönləndirməyə xidmət edən məlumatlar yayılır: "Biz bunun düzgün olmadığını bilirik, inanmamalıyıq və bu şayiələrin arxasınca getməməliyik. Polisin ölkəmizdə asayişin təmin edilməsində, təhlükəsizliyin qorunmasında xidmətlərini kölgə altına salanları ifşa etməliyik. Çalışmalıyıq ki, ölkədə sabitlik və təhlükəsizlik bundan sonra da davam etsin və polislərimiz bunun keşikçisi kimi bizim köməkçimiz olsunlar".
Qeyd edək ki, Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verən insident zamanı üç nəfər polis əməkdaşının qətlindən sonra bəzi qüvvələr polislərlə əlaqədar mənfi rəyin formalaşdırılmasına cəhd göstərib. Bununla bağlı sosial şəbəkələrdə əsassız və həqiqəti əks etdirməyən informasiyaların yayılması cəmiyyətdə narahatlığa səbəb olub.