Paola Varqas: "Azərbaycanda aparılan minatəmizləmə işlərinin sürəti məni heyran edir"
- 10 oktyabr, 2023
- 17:35
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan hökumətinin ölkənin işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi minalardan təmizləmə işlərinin sürəti və miqyası məni heyran edir”.
"Report" xəbər verir ki, bu barədə kolumbiyalı jurnalist və vətəndaş cəmiyyəti fəalı Paola Varqas videomüraciətində bildirib.
"Bir neçə ay əvvəl Azərbaycana səfər etmək mənə qismət oldu. Azərbaycan hökumətinin minalanmış ərazilərdə - Qarabağın işğaldan azad edilmiş ərazilərində görülən işlərin sürəti məni heyran etdi. Deməliyəm ki, bu, kifayət qədər çətin işdir. Nəzərə alsaq ki, Ermənistan minaların yeri ilə bağlı tam məlumat vermir. Minaları təmizləmək üçün 2 minə yaxın insan çalışıb. Mən çox şadam ki, 89 min hektardan çox ərazi minalardan təmizlənib və bu ilin sonuna kimi 50 min hektardan çox sahənin təmizlənəcəyi gözlənilir”, - o bildirib.
Qeyd edək ki, bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb.
Petisiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub.