Oğuzda təmir olunmayan kənd yolları yararsız vəziyyətə düşüb

Daxili siyasət
  • 25 noyabr, 2022
  • 13:10
Oğuzda təmir olunmayan kənd yolları yararsız vəziyyətə düşüb

Oğuz rayonunun Yaqublu və Yenikənd kəndlərini birləşdirən yol uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, kəndlərin giriş hissəsinə qədər asfalt örtüyü çəkilsə də, kəndin əsas daxili yolları indiyədək əsaslı təmir olunmayıb. Sakinlər deyirlər ki, cəmi 1,5 kilometr uzunluğu olan Yaqublu-Yenikənd yolu payız və qış aylarında keçilməz olur və burada hərəkət etmək çətinləşir.

Bildirilib ki, yağıntıların artması yolda çala-çuxurların da sayını artırıb. İsti yay günlərində isə ətrafa yayılan toz-torpaq yaxınlıqdakı evlərə daxil olur.

Yolun bərbad vəziyyətdə olması burada hərəkət edən nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına səbəb olur. Sürücülər bildirirlər ki, avtomobil idarə etmək onlar üçün baha başa gəlir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 11 saylı Yol İstismar İdarəsindən isə "Report"un yerli bürosuna bildirilib ki, həmin yolda təmir işləri aparılıb: "Lakin havaların əlverişsiz keçməsi nəticəsində Yaqublu-Yenikənd yolunda müəyyən çalalar yaranıb, bu da nəqliyyat vasitələrinin hərəkətində çətinliklər törətməklə narahatlığa səbəb olub".

İdarədən o da qeyd olunub ki, kənd yollarının növbəti illərdə dövlət proqramına uyğun olaraq təmiri nəzərdə tutulub.

44 - Tezliklə