İndira Hacıyeva: Kor-koranə urbanizasiya böyük şəhərlərin ekologiyasına ziyan vurur

Daxili siyasət
  • 21 may, 2026
  • 11:02
İndira Hacıyeva: Kor-koranə urbanizasiya böyük şəhərlərin ekologiyasına ziyan vurur

Kor-koranə urbanizasiya regionları boşaldır, böyük şəhərlərin ekologiyasına həddindən artıq ziyan vurur.

"Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva Milli QHT Forumunun Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirdiyi "Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, gələcək barədə danışarkən nəhəng meqapolislər, sonsuz göydələnlər və beton qutuların içinə sıxışdırılmış milyardlarla insan gözlər önündə canlanır:

"Hesablamalara görə, 2050-ci ilədək planet əhalisinin, demək olar ki, 70 %-i şəhərlərdə yaşayacaq. Bu, həqiqətən də, can atdığımız gələcəkdirmi? Uzun müddət ərzində regional inkişaf sərt və mərkəzləşdirilmiş ssenari ilə davam edib. Əgər keyfiyyətli təhsil, müasir səhiyyə xidmətlərinə çıxış və rəqəmsal ekosistem istəyirsinizsə, doğma regionunuzu tərk etməli, kəndinizi və ya kiçik şəhərinizi atıb meqapolisə köçməlisiniz? Bu yanaşma artıq köhnəlib. Kor-koranə urbanizasiya regionları boşaldır, böyük şəhərlərin ekologiyasına həddindən artıq böyük yük vurur".

İ.Hacıyeva deyib ki, "Rurban" (kənd və şəhərin harmoniyası) konsepsiyası yanaşması şəhər (urban) və kənd (rural) arasındakı sərt sərhədləri aradan qaldırır:

"İnsanların həyatını mədəni və rahat etmək üçün artıq bütün planeti asfaltlamağa ehtiyac yoxdur. ​Yüksəksürətli internet, avtonom "yaşıl enerji", teletəbabət, onlayn təhsil və paylaşım iqtisadiyyatı şəhərin ən yüksək rahatlıq və inklüzivlik standartlarını dünyanın istənilən nöqtəsinə çatdırmağı mümkün edir. Biz kənd yerlərindəki məişət və infrastruktur boşluqlarını tamamilə aradan qaldırmaqla təbiətlə harmoniya içində yaşamağın üstünlüklərini qoruyub saxlaya bilərik".