Nazir müavini: İqtisadiyyat Nazirliyi azad edilmiş 12 yaşayış məntəqəsində inventarizasiyanı başa çatdırıb

Daxili siyasət
  • 03 sentyabr, 2026
  • 11:41
Nazir müavini: İqtisadiyyat Nazirliyi azad edilmiş 12 yaşayış məntəqəsində inventarizasiyanı başa çatdırıb

Azərbaycanın işğaldan azad edilmiş 12 yaşayış məntəqəsində daşınmaz əmlak və infrastruktur obyektlərinin inventarizasiyası prosesi artıq başa çatdırılıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində torpaqların təhlükəsiz şəkildə təmizlənməsindən sonra gələcək istifadəsini planlaşdırmaq məqsədilə onların inventarizasiyası, xəritələşdirilməsi və tədqiqatı istiqamətində iş aparır.

"Azərbaycan üçün minatəmizləmə öz-özlüyündə məqsəd deyil. Əsas məqsəd ondan ibarətdir ki, təhlükəsiz şəkildə təmizlənmiş torpaqlar yenidən məhsuldar iqtisadi fəaliyyətdə istifadə edilsin, insanların yaşaması, müəssisələrin işləməsi və davamlı iqtisadi dəyər gətirəcək investisiyaların həyata keçirilməsi üçün şərait yaradılsın", - nazir müavini bildirib.

A.Axundov qeyd edib ki, Birinci "Böyük Qayıdış" Dövlət Proqramı əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsinə, azad olunmuş ərazilərin bərpasına və onların milli iqtisadiyyata sürətli inteqrasiyasına yönəlib.

"Biz artıq bu səylərin konkret nəticələrini müşahidə edirik", - o deyib.

Nazir müavini bildirib ki, azad edilmiş ərazilərdə "ağıllı kənd" və "ağıllı şəhər" prinsipləri əsasında yaşayış məntəqələri yaradılır, müasir sosial infrastruktur, o cümlədən təhsil müəssisələri formalaşdırılır, nəqliyyat infrastrukturu inkişaf etdirilir və sakinlərin öz torpaqlarına qayıtması artıq reallığa çevrilib.

A.Axundovun sözlərinə görə, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində biznes və investorlar üçün daha əlverişli şərait yaradılır ki, bu da azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası üçün xüsusi əhəmiyyət kəsb edir.

44 filmi