Nazir müavini: Erkən xəbərdarlıq sistemlərinin qurulması Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir
- 19 may, 2026
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Erkən xəbərdarlıq sistemlərinin qurulması Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.
O qeyd edib ki, "Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər" mövzusu müasir dövrün ən aktual strateji çağırışlarından biridir:
"İqlim dəyişikliyi artıq ekoloji çərçivəni aşaraq, qlobal iqtisadi inkişafı, ərzaq təhlükəsizliyini, urbanizasiya siyasətini, su ehtiyatlarının idarə olunmasını və aqrar sektorun gələcəyini birbaşa formalaşdıran fundamental amilə çevrilib. Qlobal temperatur artımı, quraqlıq dinamikası, şirin su ehtiyatlarının azalması və digər ekstremal hidrometeoroloji hadisələr Azərbaycan üçün də yeni risklər formalaşdırır".
Nazir müavini deyib ki, bu təhdidlərə qarşı ən həssas sahə məhz aqrar sektordur:
"Kənd təsərrüfatı iqlim amillərindən birbaşa asılı olan və ölkənin makroiqtisadi sabitliyi ilə ərzaq təhlükəsizliyini təmin edən strateji sahə olduğu üçün bu istiqamətdə dayanıqlılığın artırılması prioritet vəzifədir. Məhz bu səbəbdən, erkən xəbərdarlıq sistemlərinin qurulması ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Erkən xəbərdarlıq mexanizmləri sadəcə təhlükə barədə məlumatlandırma vasitəsi deyil. Bu, risklərin öncədən proqnozlaşdırılması, düzgün idarəetmə qərarlarının qəbulu, təbii resursların qorunması və ümumi məhsuldarlığın təminatıdır".
İ.Qədimova qeyd edib ki, 2024–2026-cı illəri əhatə edən "Aqrar Süni İntellekt" layihəsi çərçivəsində kənd təsərrüfatında müasir texnoloji həllərin tətbiqi davam edir:
"Hazırda ölkə üzrə 180-dən çox iqlim stansiyasının göstəriciləri, peyk görüntüləri və torpaq analizləri vahid sistemdə birləşdirilib. Bu baza vasitəsilə indiyədək 315 mindən çox fermerin və 636 min hektardan artıq sahənin məlumatları təhlil olunub.
Layihə çərçivəsində məhsuldarlıq proqnozu, bitki sağlamlığı və suvarmanın idarə edilməsi üzrə hazırlanmış 33 modeldən 14-ü artıq inteqrasiya mərhələsindədir. Qalan modellərin isə ilin sonunadək tamamlanması nəzərdə tutulur".