Mehdiyevin "kabinet"i kölgədə qaldı və ya Əlinin əli kimin cibindən çıxdı?
- 13 fevral, 2026
- 23:05
Azərbaycanda xalq hərəkatının şinelindən çıxmış istənilən kəsdən Xalq Cəbhəsində kimin öz lideri Əbülfəz Elçibəyə xəyanət etdiyini soruşsanız, birmənalı olaraq Əli Kərimlinin adını eşidəcəksiniz. Bir vaxtlar ölkənin ən böyük siyasi qüvvələrindən birini parçalayıb, hərəkatın sadiq iştirakçılarını pərən-pərən salan bu adam, sonradan ətrafına topladığı boz, qaragüruh kütlənin köməyilə müxalifət lideri obrazına girməyə çalışsa da, onun bu rolu inandırıcı alınmadı. Əli Kərimli cəmiyyətin siyasətlə maraqlanan kəsiminin yaddaşında yalnız mahir intriqa ustası və xəyanətkar obrazı ilə qala bildi.
Lakin xəyanətin düşərgəsi olmur. Belələrinə müxalifətdə olduğu kimi, hakimiyyətdə də rast gəlinə bilər - Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev kimi.
Dünən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) açıqladığı faktlar isə göstərdi ki, öz liderinə və təmsil olunduğu siyasi düşərgəyə, komandaya naxələf çıxmağa qadir olan adamlar rahatlıqla xalqına və dövlətinə də xəyanət edə bilərlər.
Müasir Azərbaycanın dövlətçilik tarixində bir sıra xəyanət şəbəkələrinin ifşa olunmasını müşahidə etmişik. Bu şəbəkələrinin ifşası təkcə hüquqi prosedur deyil, həm də milli təhlükəsizlik arxitekturasının "xərçəng hüceyrələrindən" təmizlənməsi prosesi kimi qiymətləndirilməlidir.
Mahiyyəti və xisləti etibarilə yad maraqlara və kənar güc mərkəzlərinə xidmət edən bu şəbəkənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi və regional gücdən qlobal söz sahibinə çevrilməsi ilə eyni vaxtda aktivləşməsi bir sıra mətləblərdən xəbər verir.
DTX-nin yaydığı videomaterialda Ramiz Mehdiyev, baş nazirin sabiq birinci müavini Abbas Abbasov, Əli Kərimli və digərlərinin xarici ölkənin xüsusi xidmət orqanı ilə əlaqəli fəaliyyət göstərdikləri deyilsə də, həmin xarici ölkənin adı çəkilmir. Ancaq danışıqların aparıldığı dildən və məzmundan söhbətin qonşu Rusiyadan getdiyi tam aydın olur. Bunu həmçinin rus dilində hazırlanan, "dövlət idarəetmə sisteminin yenidən qurulması" adlı faktiki çevriliş planı və Əli Kərimliyə göndərilən məktub da sübut edir.
DTX-nin yaydığı səs yazıları və əməliyyat çəkilişləri birmənalı şəkildə təsdiqləyir ki, Ramiz Mehdiyev, Abbas Abbasov və Əli Kərimli kimi ilk baxışda fərqli ideoloji qütblərdə görünsələr də, xarici xüsusi xidmət orqanlarının birbaşa diqtəsi ilə ölkədə Konstitusiya quruluşunu devirmək, hakimiyyəti zorla ələ keçirmək və dövlət çevrilişi həyata keçirmək kimi son dərəcə təhlükəli, qanlı bir ssenarinin əsas icraçıları qismində çıxış ediblər.
Açıqlanan sənədlərdən məlum olur ki, bu şəbəkə sadəcə ölkədə qarışıqlıq salmaq, hakimiyyəti devirmək istəyən bir qruplaşma yox, eyni zamanda Azərbaycanın suverenliyinə qarşı yönəlmiş xarici təhdidlərin həyata keçməsinə alət olmuş "beşinci kolon"dur.
Mehdiyevin evindən çıxan qutularla pul, şəbəkənin pulköçürmə sənədləri, təxribatların törədilməsi üçün əlaltılarına paylanan nağd vəsaitlərin görüntüləri də göstərir ki, bu şəbəkənin hər bir addımı xarici ölkələrin kəşfiyyat orqanları ilə sinxronlaşdırılıb.
Onların strateji hədəfi Azərbaycanın müstəqil xarici siyasət kursunu zəiflətmək, cəmiyyətdə dövlətə qarşı süni inamsızlıq toxumları səpmək və beləliklə, ölkəni xarici qüvvələrin asan hədəfinə çevirmək olub. Yayılan görüntülərdən də aydın olur ki, mənimsənilən və leqallaşdırılan 17 milyon manatdan artıq vəsait məhz bu dağıdıcı fəaliyyətlərin maliyyələşdirilməsinə, saxta media resurslarının saxlanılmasına və cəmiyyəti parçalayan təbliğat kampaniyalarına yönəldilib.
Şəbəkənin apardığı bu fəaliyyətin ən pik nöqtəsi isə Vətən müharibəsi ərəfəsinə təsadüf edir. Bütün xalqın və dövlətin torpaqlarımızın xilasına kökləndiyi bir vaxtda, onlar ictimai rəydə Azərbaycanın sarsıdıcı hərbi zərbə alacağı və bu müharibədən uduzmuş tərəf kimi çıxacağı barədə məqsədli şəkildə "məğlubiyyət fəlsəfəsi" aşılamağa çalışırdılar.
Bu sistemli təxribat zəncirində xaricdə sığınacaq tapan və "söyüş müxalifəti" kimi tanınan marginal qrupların da eyni şəbəkə tərəfindən idarə olunması və maliyyələşdirilməsi faktı, Mehdiyev-Abbasov-Kərimli ittifaqının nə qədər geniş bir mexanizm qurduğunu birmənalı sübut edir. Psixoloji təzyiq aləti və beyinləri bulandırma vasitəsinə çevrilən bu qruplar ölkə daxilindəki radikal ünsürlərlə sinxron hərəkət edir, Azərbaycanın beynəlxalq imicini ləkələmək və cəmiyyətdə daimi narahatlıq atmosferi yaratmaq üçün vahid mərkəzin əlində oyuncağa çevriliblər.
Lakin DTX-nin açıqladığı faktlar Azərbaycanın müstəqil siyasi iradəsinə qarşı yönəlmiş, onilliklər boyu incəliklə hörülmüş sistemli təxribatların anatomiyasını gün işığına çıxarmış oldu. Bu, bir daha təsdiqlədi ki, Azərbaycan dövləti öz daxilindəki heç bir xəyanət yuvasına aman verməyəcək qədər güclüdür və milli suverenliyimizə yönələn hər bir əl, kimliyindən və keçmiş vəzifəsindən asılı olmayaraq, xalqın və qanunun dəmir yumruğu ilə qarşılaşacaqdır.
Kamil Məmmədov