Mahir Dərziyev: “Gəncədə baş verən hadisələr Azərbaycanı sevməyən qüvvələrin cinayət əməlidir”

Daxili siyasət
  • 11 iyul, 2018
  • 10:39
Mahir Dərziyev: “Gəncədə baş verən hadisələr Azərbaycanı sevməyən qüvvələrin cinayət əməlidir”

Tbilisi. 11 iyul. REPORT.AZ/ “İyulun 10-da, təqribən 200 nəfərədək radikal dini yönümlü bir qrup şəxsin Gəncə şəhərində asayişi kobud şəkildə pozmağa cəhd göstərməsi xəbəri bizi ciddi narahat etdi. Bu cür qanunazidd hərəkətlər Azərbaycanda siyasi sabitliyi pozmağa yönəlib. Biz bunun əleyhinəyik və müstəqil Azərbaycan dövlətini, onun Prezidentini dəstəkləyirik”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Parlamentinin deputatı, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının üzvü Mahir Dərziyev söyləyib.

M.Dərziyevin sözlərinə görə, əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, xidməti vəzifəsini yerinə yetirən şəxsləri qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir. Bu yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayışı pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır. Bu hadisə xarici və daxili güclərin Azərbaycana qarşı təxribatıdır.

M.Dərziyev daha sonra deyib: “Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, bütün dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına çalışır. Azərbaycanın müəllifi olduğu və Gürcüstan və Türkiyə ilə birgə həyata keçirdiyi irimiqyaslı enerji, nəqliyyat və digər infrastruktur layihələri region və dünya dövlətlərinin, xalqlarının sosial iqtisadi inkişafına, təhlükəsizliyinə xidmət edir. Lakin bəzi anti Azərbaycan qüvvələr bunu istəmirlər. Azərbaycanda, eləcə də, xarici ölkələrdə təxribatçı hərəkətlərə yol verir, pozucu aksiyalar təşkil edir, şüarlar səsləndirirlər. Biz Gürcüstanda yaşayan azərbaycanlılar tarixi Vətənimiz olan Azərbaycanı xaosa çevirmək istəyən, qüvvələrin bu hərəkətlərini qətiyyətlə pisləyirik və bildiririk ki, onların uğur qazanmasına imkan vermək olmaz”.

“Hamımız tarixi Ana Vətimizin yanında olmalıyıq və Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin istəklərinə çatmalarına birlikdə imkan verməməliyik”, - M.Dərziyev vurğulayıb.

44 - Tezliklə