Lənkəranda ötən ilin yekunları müzakirə edilib
- 09 fevral, 2018
- 15:26
Lənkəran. 9 fevral. REPORT.AZ/ Lənkəranda ötən il rayonun sosial-iqtisadi inkişaf sahəsində görülən işlər və perspektivlər müzakirə olunub.
"Report"un Cənub bürosunun məlumatına görə, Lənkərаn Şəhər İcra Hakimiyyətinin (ŞİH) bаşçısı Taleh Qaraşov və qonaqlar Hеydər Əliyеv Xatirə Parkında ümummilli liderin xatirəsini yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzinin foyesində rayonda istehsal olunmuş kənd təsərrüfаtı və sənаyе məhsullаrındаn təşkil еdilən sərgiyə baxış keçirilib.
Rayon toplantısında Lənkəran ŞİH-nin bаşçısı Taleh Qaraşov 2017-ci ilin yüksək göstəricilərlə başa vurulduğunu diqqətə çatdırıb.
Məruzədə qeyd olunub ki, 2017-ci il sentyabrın 2-3-də cənab Prezident İlham Əliyev Lənkəranda ilk dəfə olaraq çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib.
Bundan başqa, T.Qaraşov ötən il Lənkəranda “XX əsrdə Türk-Müsəlman xalqlarına qarşı soyqırımıları” mövzusunda IV Beynəlxalq Elmi Konfransın, Azərbaycanda “Avropa Günü” (Şuman günü) münasibətilə şənliklərin müvəffəqiyyətlə keçirildiyini qeyd edib.
İcra başçısı daha sonra bildirib ki, hesabat ilində Lənkəranda sosial-iqtisadi sahənin inkişafına 160,4 milyon manat investisiya yönəldilib, bunun da 145,9 milyon manatı tikinti-quraşdırma işlərində istifadə olunub: "2017-ci ildə rayona həmçinin ümumi layihə dəyəri 124,5 milyon manat məbləğində özəl investisiya cəlb olunub, icra edilmiş 72,4 milyon manat məbləğində investisiyanın 5,1 milyon manatını xarici investisiya təşkil edib. 2017-ci ildə rayonda ümumi məhsul buraxılışı 2016-cı ilə nisbətən 9,1 faiz artaraq 449 milyon manat təşkil edib, sənaye müəssisələrində əvvəlki ilə nisbətən 20 faiz çox, yəni 37,1 milyon manatlıq məhsul istehsal olunub. Kənd təsərrüfatı sahəsində də inkişaf ötən il sürətlə davam edib, 104,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu tədarük olunub".
İcra başçısı hesabat ilində rayonda 50 hektar sahədə yeni çay plantasiyalarının salındığını, rayonda çəltikçiliyin inkişafına da xüsusi diqqət yetirilərək əkin sahələrinin 526 hektara çatdırıldığını qeyd edib: "Rayonda çəltiyin keyfiyyətli emalı üçün yeni texnologiya ilə işləyən 2 zavod quraşdırılıb. Sitrus meyvəçiliyinin inkişafı ilə əlaqədar 100 hektar sahədə xaricdən gətirilmiş yeni növ sitrus bağları salınıb. Cənab Prezidentin tövsiyə və tapşırıqlarına əsasən, rayonda ilk dəfə olaraq çəltikçiliklə yanaşı, baramaçılığın da inkişafına diqqət yönəldilib. Belə ki, baramaçılığın yem bazasının yaradılması üçün keçən il rayon üzrə, ümumilikdə, 64,7 min ədəd tut tingi əkilib. Yem bazasının artırılması məqsədilə həmçinin mövcud tut tinglərindən çilingi üsulu ilə 100 min ədəd yeni tut tinglərinin yetişdirilməsinə başlanılıb".
Məruzədə hesabat dövründə yol-abadlıq işlərinə də diqqətin artırıldığı, qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparıldığı vurğulanıb.
İcra başçısı ötən il Lənkəranın respublikada daha bir ilkə də imza atdığını, dekabrın 19-da şəhərdə ilk dəfə olaraq çay, çəltik və sitrus festivalının keçirildiyini, bu ümumxalq tədbirin təkcə kənd təsərrüfatında deyil, həm də rayonun sosial-iqtisadi inkişafı və mədəni quruculuğu sahəsində qazanılmış nailiyyətlərin parlaq nümayişinə çevrildiyini qeyd edib.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olunub.
Sonda yığıncaq iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə müraciət ünvаnlаnıb.