Lənkəranda ekoloji təhlükəsizliyə həsr edilən konfrans keçirilib
- 21 noyabr, 2025
- 14:05
Baş Prokurorluq "Konstitusiya və Suverenlik İli" çərçivəsində Lənkəran şəhərində ətraf mühitin mühafizəsinə həsr olunan elmi-praktiki konfrans keçirib.
"Report"un Cənub bürosu xəbər verir ki, "Müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin aktual problemləri" adlı konfrans ölkədə ekoloji təhlükəsizlik, təbii sərvətlərin mühafizəsi və ətraf mühitə qarşı hüquq pozuntularının qarşısının alınması məqsədilə təşkil olunub.
Lənkəran Dövlət Universitetinin prorektoru Ramiz Şəmmədov açılış nitqində bildirib ki, ekoloji təhlükəsizlik sahəsində dövlət siyasəti dayanıqlı inkişaf strategiyasının əsas tərkib hissəsidir. O vurğulayıb ki, "Konstitusiya və Suverenlik İli"nin hədəfləri çərçivəsində ətraf mühitin mühafizəsi üzrə hüquqi mexanizmlərin möhkəmləndirilməsi və ekoloji mədəniyyətin artırılması xüsusi prioritet təşkil edir.
Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbov çıxışında qlobal və regional ekoloji çağırışlar, iqlim dəyişmələrinin yaratdığı risklər və ekoloji təhlükəsizlik sahəsində dövlətin institusional yanaşması barədə məlumat verib. O qeyd edib ki, ətraf mühitin qorunması sahəsində hüquqpozmalara qarşı kompleks prokuror nəzarəti mexanizmlərinin gücləndirilməsi hazırkı mərhələdə strateji əhəmiyyət daşıyır.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Sarıtel Əliyeva "Konstitusiya və Suverenlik İli" çərçivəsində ekoloji münasibətlərin konstitusion-hüquqi əsaslarından danışıb. O, ətraf mühitin mühafizəsi hüququnun insan hüquqlarının tərkib hissəsi kimi xüsusi yer tutduğunu və bu sahədə normativ-hüquqi islahatların davam etdirildiyini bildirib.
Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev ekoloji hüquq pozuntularının aşkarlanması, təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və bu prosesdə operativ məlumat mübadiləsinin əhəmiyyəti barədə çıxış edib. O qeyd edib ki, müasir texnoloji vasitələrdən istifadə cinayət tərkibli ekoloji pozuntuların aşkar olunmasında mühüm rol oynayır.
Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Əbdülsəməd Əzizli isə Azərbaycanın COP29 və COP30 proseslərində aktiv iştirakının ölkənin ekoloji diplomatiyasının güclənməsinə töhfə verdiyini bildirib. O vurğulayıb ki, ekoloji hüquq pozuntularına qarşı mübarizənin effektivliyi cəmiyyətlə səmərəli kommunikasiya, media, vətəndaş cəmiyyəti və ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsindən keçir.
Konfransda mövzu ilə bağlı geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və sonda xatirə fotosu çəkilib.