Laçında baş tutan Zirvə görüşü dost ölkələri sevindirir, bədxahları isə narahat edir - RƏY
- 30 may, 2025
- 12:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Laçında baş tutan Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü özündə bir çox maraqlı məqamları ehtiva edir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, görüşün keçirildiyi gün təsadüfən seçilməyib. Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə xüsusən də Laçın kimi vacib strateji bir məkanda bu tədbirlərin keçirilməsi, hava limanının açılışının təşkili və Laçından verilən bəyanatlar dost ölkələri sevindirir, bədxahları isə narahat edir:
"Artıq bu üç ölkənin faydalı əməkdaşlığı, strateji əlaqələrinin ən yüksək səviyyədə olması bir faktdır. Zirvə görüşündə bütün bu məsələlər geniş şəkildə müzakirə edildi. Məsələlərə sözügedən ölkələrin həm regional, həm də qlobal anlamdakı artan gücləri, dünya üçün töhfələr, onların bölgədə lider mövqelərdə olması, gələcək platformalarda üç qardaş ölkənin birgə təşkilatçılığı, bir-birini dəstəkləməsi, siyasi, hərbi, iqtisadi, humanitar eləcə də bütün sahələri əhatə edəcək əlaqələr və əməkdaşlıqlar aid idi".
Deputat qeyd edib ki, Laçın Zirvə görüşü Prezident İlham Əliyevin xüsusi, unikal siyasətinin, onun nüfuzunun, siyasi çəkisinin bir daha parlaq təzahürü idi:
"Görüşdə ictimaiyyətə güclərin birləşdirilməsi, Zəngəzur dəhlizinin gələcəkdə açılmasının müzakirəsi və buna mane olan qüvvələrə mesajların verilməsi, ölkələr arasında ticarət dövriyyəsinin artırılması, hərbi və hərbi sənaye sahəsindəki qarşılıqlı faydalı əməkdaşlıq, gələcəkdə hər üç ölkənin təhlükəsizliklə bağlı məsələlərdə birgə müzakirə və qarşılıqlı dəstək mesajları çatdırıldı. Türkiyə prezidentinin və Pakistan Baş nazirinin İlham Əliyevə xüsusi münasibətləri, çıxışlarda deyilən sözlər, Azərbaycanın sürətlə inkişafını eləcə də artıq Azərbaycan liderinin regional deyil qlobal liderlər içərisindəki çəkisinin digər ölkə başçıları tərəfindən də qeyd edildiyini göstərdi".
V.İsgəndərov bildirilib ki, Azərbaycanın dost ölkələrinin sayının artması dövlətin gücünə güc qatır:
"İlham Əliyevin düzgün və uğurlu qurduğu həm daxili, həm də xarici siyasət ölkəmizin uğurlarını artırmaqdadır. Dost ölkələrinin sayının artması gücümüzə güc qatır, bizi daha da gücləndirir".
Deputat onu da qeyd edib ki, Zirvə görüşü öz tarixi qiymətini zamanla alacaq:
"Zaman ötdükcə bu görüşün uğurlu nəticələri hər üç ölkə üçün həm reginal, həm də qlobal anlamda faydalı olacaq. Ölkələrimiz üçün çox vacib məsələyə çevriləcək. Çünki bu ölkələr bölgədə güc faktorudur. Hər üç ölkənin güclərinin birləşdirilməsi tərəfdaşlıq dünya üçün faydalı olacaq".