Kamran Əliyev Səudiyyə Ərəbistanında bir sıra ölkələrdən olan həmkarları ilə görüşüb
- 09 oktyabr, 2025
- 15:59

Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanında Misir, Bəhreyn, İraq, Mərakeş, Pakistandan olan xarici həmkarlarla ikitərəfli görüşlər keçirib.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri xanım Qada Vali ilə keçirilmiş ikitərəfli görüşdə Azərbaycanla qurum arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin yüksək səviyyədə olması qeyd edilərək birgə əməkdaşlıq formasında həyata keçirilmiş tədbirlər barədə danışılıb.
Həmçinin, qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, tərəflər gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan digər layihələr barədə fikir mübadiləsi aparıb.
Bununla yanaşı, Misirin Baş prokuroru Şevki Fethi Ayadla keçirilmiş görüş zamanı iki ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətləri qeyd edilərək hüquqi əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində konkret təkliflər müzakirə edilib.
Bəhreynin Baş prokuroru Ali Fadl Al-Buainain ilə görüş zamanı qurumlar arasında uzunmüddətli və məhsuldar əməkdaşlıq əlaqələri xatırlanaraq, həmçinin regional layihələr çərçivəsində yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
İraqın Baş prokuroru Nacm Abdullah Əhmədlə görüşdə iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlığın perspektiv sahələri qeyd edilib.
Bundan əlavə, Mərakeşin Korrupsiyaya qarşı mübarizə üzrə milli idarəsinin rəhbəri Məhəmməd Benalilou və Pakistan İslamın ixtisaslaşmış korrupsiyaya qarşı mübarizə qurumu olan Milli Hesabatlılıq Bürosunun sədri Nazir Əhməd Butt ilə də ikitərəfli görüşlər keçirilib.
Görüşlərdə ölkələr arasında yüksək səviyyəli münasibətlər, hüquq mühafizə orqanlarının əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin, transsərhəd cinayətkarlıq və digər çağırışlarla mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
İkitərəfli görüşlər zamanı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da səmərəli fikir mübadiləsi aparılıb.
BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri xanım Qada Vali ilə keçirilmiş ikitərəfli görüşdə ölkəmizlə qurum arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin yüksək səviyyədə olması qeyd edilərək birgə əməkdaşlıq formasında həyata keçirilmiş tədbirlər, o cümlədən ötən ilin 15 noyabr tarixində COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə keçirilmiş "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın, cari ilin may ayında Bakı şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan qurumların qlobal əməliyyat şəbəkəsinin (GlobE) 6-cı iclasının yüksək səviyyədə təşkili xatırlanıb və buna görə ev sahibi kimi ölkəmizə təşəkkür bildirilib.
Nümayəndə heyətinin səfəri başa çatıb.