Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib - YENİLƏNİB

Daxili siyasət
  • 21 avqust, 2026
  • 12:40
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cümşüd Məmmədov dəfn edilib.

"Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Laçın şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Birinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyənləşdirilmiş Cümşüd Məmmədovla vida mərasimi keçirilib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, 34 il itkin şəhid kimi qeydiyyatda olan Laçın rayon sakini Cümşüd Məmmədovun nəşinin qalıqları müəyyənləşdirilərək ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində salınmış 552 saylı qəsəbədə, onun həyat yoldaşının yaşadığı ünvanda təşkil olunub.

Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və digər şəxslər iştirak ediblər.

Vida mərasimindən sonra Cümşüd Məmmədovun nəşinin qalıqları dəfn olunmaq üçün Laçın şəhərinə yola salınıb.

Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. O, ailəli olub, lakin övladı olmayıb.

Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb. Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilib.