İlham Əliyevin ŞƏT tədbirlərində iştirakı Azərbaycanın regional əməkdaşlığa bağlılığını nümayiş etdirir - RƏY

Daxili siyasət
  • 02 sentyabr, 2026
  • 12:41
İlham Əliyevin ŞƏT tədbirlərində iştirakı Azərbaycanın regional əməkdaşlığa bağlılığını nümayiş etdirir - RƏY

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə ŞƏT tədbirlərində iştirakı Bakının təşkilatın gündəliyinə siyasi diqqətinin davam etdiyini göstərir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

O qeyd edib ki, Bişkek gündəliyində təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, ekologiya, süni intellekt və humanitar əməkdaşlıq gündəmin ümumi mövzularıdır:

"Bu isə Azərbaycanın prioritetləri ilə böyük ölçüdə üst-üstə düşür.

Azərbaycanın ŞƏT məkanında əsas üstünlüyü təşkilatın əsasən Asiyanı əhatə edən böyük coğrafiyasını Avropa, Türkiyə və Cənubi Qafqazla birləşdirən tranzit, enerji və logistika imkanlarının genişlənməsinə töhfə vermək imkanına malik olmasıdır. ŞƏT Çin, Rusiya, Mərkəzi Asiya, İran, Hindistan və Pakistan kimi böyük dövlətləri və bazarları bir araya gətirir. Azərbaycan isə Xəzər üzərindən Avropa və Türkiyəyə çıxış nöqtəsi rolunu oynayır. Bu baxımdan Azərbaycan üçün ŞƏT sadəcə siyasi dialoq platforması deyil, Avrasiyanın müxtəlif iqtisadi, enerji və nəqliyyat məkanlarını birləşdirən platformadır. Bu platforma Orta dəhlizin imkanlarının genişləndirilməsi və intensivliyin artırılması üçün siyasi mühitdir, Çin və Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında alternativ istiqamətdir".

Deputatın fikrincə, Azərbaycanın ŞƏT strategiyasını təşkilata sadəcə yaxınlaşmaq deyil, ŞƏT məkanının yaratdığı böyük geoiqtisadi potensialı Azərbaycanın coğrafi və infrastruktur üstünlükləri ilə bağlamaq və bununla mövcud potensialı daha da genişləndirmək kimi qiymətləndirmək olar:

Rizvan Nəbiyev
"ŞƏT-in əsas üstünlüyü onun əhali, bazar, resurs və istehsal imkanlarının genişliyidir. Azərbaycanın üstünlüyü isə coğrafi mövqeyi, Xəzər dənizi, enerji resursları, logistika infrastrukturu və Avropaya çıxış imkanlarıdır. Bu iki potensialın kəsişdiyi əsas məkan Orta dəhlizdir. Azərbaycan ŞƏT məkanını Xəzər üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən bağlantı platforması kimi çıxış edir. ŞƏT-in öz sənədlərində də nəqliyyat dəhlizlərinin, multimodal marşrutların, logistika mərkəzlərinin və transsərhəd prosedurların inkişafı prioritet istiqamətlər kimi müəyyən edilir".

Rizvan Nəbiyevin sözlərinə görə, Azərbaycanın əsas strateji üstünlüyü ŞƏT məkanının bir hissəsi olmaqdan daha çox, Çin və Mərkəzi Asiyanı Xəzər, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə əlaqələndirən kəsişmə nöqtəsi olmaqdır:

"Bişkek sammiti çərçivəsində görüşlərin təhlili göstərir ki, Azərbaycanın ŞƏT-ə yanaşması yalnız siyasi yaxınlaşma üçün deyil, əsasən geoiqtisadi bağlantı strategiyasının genişləndirilməsi üçün əlverişli əsas yaradır. 2026-cı il sammitində 25 illiyi qeyd olunan ŞƏT-in üzv dövlətləri dünya əhalisinin 40 faizindən çoxuna, qlobal ÜDM-in təxminən dörddə birinə malikdir. Sammit gündəliyində nəqliyyat, logistika, enerji, rəqəmsal bağlantı, süni intellekt və yaşıl texnologiyalar da önə çıxıb".

Parlament üzvü onu da vurğulayıb ki, 2025-ci il Tiencin qərarı Azərbaycan-ŞƏT əməkdaşlığının institusional çərçivəsini yenilədiyi halda, 2026-cı il Bişkek Sammiti Azərbaycanın Mərkəzi Asiya ilə sürətlə dərinləşən əlaqələrini və ŞƏT məkanında artan bağlantılar siyasətini nümayiş etdirir:

"Eyni zamanda Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləməsi və regional kommunikasiyaların açılması bu strategiyanın Cənubi Qafqaz ölçüsünü tamamlayır.

Beləliklə, Azərbaycanın ŞƏT siyasətinin əsas geosiyasi kapitalı onun Şərqlə Qərb, Mərkəzi Asiya ilə Avropa və enerji istehsalçıları ilə istehlak bazarları arasında yaratdığı bağlantıdır".