İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsünü irəli sürməsi olduqca humanist addımdır - RƏY
- 15 dekabr, 2025
- 18:57
Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsünü irəli sürməsi olduqca humanist addımdır.
Bunu "Report"a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, dövlət başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır:
"Humanizm, mərhəmət prinsipləri dövlət başçısının fəaliyyətinin əsas prinsiplərdən biridir. Bəs Amnistiya aktı kimlərə şamil oluna bilər? Buraya Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur".
Ə.Nuriyev həmçinin bildirib ki, bir qayda olaraq, Amnistiya aktına cinayət xarakterinə görə əməllər daxil edilir:
"Belə ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin Aministiya aktına düşmə ehtimalı böyükdür. Bu kateqoriya aid şəxslər də ya tam azad edilə bilər, ya cəzanın müddəti azaldıla bilər. Ancaq ağır və xüsusilə ağır cinayətlərə, terrorçuluğa, dövlətə, xəyanətə, qəsdən adam öldürməyə, təkrar ağır zorakılıq cinayətləri törətmiş şəxslərə, adətən, amnistiya şamil edilmir".
Fondun rəhbəri, eyni zamanda, Zəfər amnistiyasının 17 min 200-dən artıq şəxsə şamil edildiyini xatırladaraq bu amnistiyanın 20 mindən çox şəxsə aid edilə biləcəyini vurğulayıb:
"Bu, Azərbaycan tərəfindən həyata keçirilən ən geniş amnistiya ola bilər. Bu təşəbbüs humanizm prinsipləri, sosial reinteqrasiya kontekstində qiymətləndirilir. Belə humanist addıma görə Azərbaycan Prezidentinə minnətdarıq".