İlham Əliyev "Qarabağ" klubunu təbrik etdi: Hakimin ədalətsiz qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı
- 22 yanvar, 2026
- 00:50
Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının VII turunda "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, İlham Əliyev bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı.
Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!", - deyə paylaşımda bildirilib.