Deputat: “İctimai qınağa rast gəldikləri üçün icazəsiz mitinqi ləğv etdilər”
- 01 noyabr, 2019
- 08:20
Yeniliklərdən dərhal xəbərdar olun!
“Onlar çox güclü ictimai qınağa rast gəldikləri üçün icazəsiz mitinqi ləğv etdilər. Milli Şuranı nə demokratikləşmə, nə insan hüquqlarının qorunması, nə də hansısa təklflərin həyata keçirilməsi maraqlandırmır”.
Bunu “Report”a Milli Məclisin deputatı Aydın Mirzəzadə Milli Şuranın (MŞ) noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanı ləğv etməsinə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, MŞ keçirdiyi aksiyalarda hər hansı bir şüar, konkret təklif səsləndirmir: “Ancaq mitinq ətrafı siyasi söz-söhbətə üstünlük verirlər. Ayın 2-də onların şəhərin mərkəzində, metro stansiyanın girişində etdikləri provakasiya cəmiyyətdə çox böyük narazılıq doğurdu. İndi isə o qınağa rast gəldikləri və cəmiyyət tərəfindən birdəfəlik süpürülüb atılmaq təhlükəsindən qurtulmaq üçün geri addım atmağa məcbur oldular. Onların hərəkətinə bundan sonra da ictimaiyyət siyasi qiymətini verəcək”.
“Çox istərdik ki, onlar bir siyasi müxalif kimi birincisi, Konstitusiya və qanunlara hörmətlə yanaşsınlar, ikincisi, ortaya konkret proqram qoysunlar, üçüncüsü, dövlətin məsuliyyət yükünün heç olmasa azacıq bir hissəsini öz çiyinlərində daşımağa çalışsınlar” – deputat fikirlərinə əlavə edib.
A.Mirzəzadə deyib ki, əvəzində isə biz onların xarici anti-Azərbaycan qüvvələrin Azərbaycanla bağlı planlarını yerinə yetirməyə cəhd etdiyini görürük: "Bu isə onlara qarşı cəmiyyətdə böyük bir narazılığın yaranmasına səbəb olur”.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Ötən gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Milli Şuranın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanı ləğv etdiyini deyib.