Həyat yoldaşım, qızımla tankla Gürcüstanla sərhədə gəldik - Qərbi Azərbaycan Xronikası

Daxili siyasət
  • 11 oktyabr, 2025
  • 00:26
Həyat yoldaşım, qızımla tankla Gürcüstanla sərhədə gəldik - Qərbi Azərbaycan Xronikası

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, "Qaçqınlıq zamanı hayların əhatəsində məngənədə qalmışdıq" adlı veriliş Loru mahalının Vorontsovka (Kalinino) rayonunun Qızıldaş kənd sakini Sahib Ömərovun həyat hekayəsinə həsr olunub.

O, 1960-cı ildə doğulduğunu, zəhmətkeş ailədə böyüdüyünü deyib, uşaqlıq, məktəb və gənclik illərini xatırladıb: "Kəndimiz dağlar qoynunda yerləşirdi, yaxınlıqda meşə vardı, Cürcüstanla həmsərhəd idi. Rayonun sırf azərbaycanlılar yaşayan 9, ermənilər yaşayan 4 kəndi vardı, bundan əlavə, ruslar və malakanlar da yaşayırdı. Gözəl adət-ənənələrimiz vardı. Toylar, Novruz bayramı çox gözəl və maraqlı keçirdi".

Onun sözlərinə görə, Qərbi Azərbaycanda türklərə qarşı münasibət yaxşı olmayıb: "Şagird olanda qonşu kəndə gedib-gələrkən çox əziyyətlər çəkmişik. Avtobusa minərkən ermənilər bizə sataşır, dava edirdilər. Onlar kəmfürsət idilər. Nənəm deyirdi ki, o zaman Ənvər paşanın ordusu qonşu kənddə dayanmışdı. Andranik türk kəndlərinə hücum etmək istəyəndə onlar top atıblar, ermənilər qaçıb dağılıblar. Andranik oradan gedəndən sonra əmin-amanlıq, sakitlik yarandı. Düşmənin bizə mənfi münasibəti heç vaxt yaddan çıxmır".

Qızıldaş sakini qaçqınlıq illərində Saratovka kəndində yoldaşı ilə rusdilli məktəbdə müəllim işlədiklərini söyləyib: "Gərginlik vaxtı başqa kəndlərin erməniləri gecələr bizi qorxutmaq üçün avtomatlardan atəş açır, "çıxın, gedin" mesajını verirdilər. Gecə kənddə ot tayalarına od vurur, vahimə yaradırdılar. Artıq burada qalmaq qeyri-mümkün idi. Atam və anam ermənilərin hücumundan sonra Gürcüstanın Qamışlı və Candar kəndinə, oradan da Şamaxıya gəlmişdilər. Amma mən Sartovkada qalmışdım. Dörd tərəfimiz ermənilərlə dolu idi. Rusiya ordusu Axalkalakidən tank alayını bizim kəndə göndərmişdi. Hərbçilərin arasında azərbaycanlı vardı. O, bizə ürək-dirək verdi və tankla bizi Gürcüstanla sərhədə gətirdi. Oradan da Bakıya gəldik".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həyat yoldaşım, qızımla tankla Gürcüstanla sərhədə gəldik - Qərbi Azərbaycan Xronikası

Son xəbərlər

Bütün Xəbər Lenti