Gülşən Rzayeva: Azərbaycanın yenidənqurma modeli postmünaqişə ölkələri üçün nümunə ola bilər
- 19 may, 2026
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yenidənqurma sahəsindəki modeli oxşar çağırışlarla üzləşən dövlətlərdə tətbiq oluna bilər.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva "Qeyri-sabit və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhyönümlü iqlim fəaliyyəti" mövzusunda panel sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərin bərpası sahəsindəki təcrübəsi münaqişədən sonrakı inkişafa yeni yanaşmanın təməlini formalaşdırır.
"Azərbaycanın uzun illər işğal altında olmuş və dağıntılara məruz qalmış Qarabağ və Şərqi Zəngəzurda ərazilərin bərpası və yenidən qurulması sahəsində çox yaxşı təcrübəsi var. Hazırda bu ərazilərdə genişmiqyaslı təşəbbüslər həyata keçirilir. Hesab edirik ki, Azərbaycan oxşar çağırışlarla üzləşən ölkələr üçün model formalaşdırır", - o deyib.
O vurğulayıb ki, aparılan işlər kompleks xarakter daşıyır və təkcə şəhər mühitinin fiziki bərpası ilə deyil, həm də regionda sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsi ilə bağlıdır.
Rəsmi əlavə edib ki, bərpa işləri zamanı insanyönümlü müasir şəhər planlamasına, eləcə də infrastrukturun əlçatanlığına kompleks yanaşmaya xüsusi diqqət yetirilir.
"Birincisi, bu, insan mərkəzli şəhər planlaması prinsipləri tətbiq olunmaqla şəhərlərin faktiki olaraq sıfırdan tikilməsidir. Bu, infrastrukturun inkişafıdır və yalnız bununla məhdudlaşmır. Əlçatanlıq bu regionda məkan planlamasında kompleks yanaşma kimi nəzərdən keçirilir", - o qeyd edib.