Göygöldə Zəfər Günü qeyd olunub

Daxili siyasət
  • 08 noyabr, 2022
  • 16:07
Göygöldə Zəfər Günü qeyd olunub

8 Noyabr - Zəfər Günü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyətində toplantı keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə və idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, gənclər və ziyalılar iştirak ediblər.

Toplantı iştirakçıları əvvəlcə hörmət və ehtiram əlaməti olaraq Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra Göygöl şəhər Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb.

Göygöl Rayon İcra hakimiyyətinin başçısı tədbir iştirakçılarını Zəfər Günü münasibəti ilə təbrik edib. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasəti, dərindən düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası erməni faşizmini iflasa uğratdı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən ən mühüm amil olub.