"Gənclərimizin istəkləri ədalətlidir" - RƏY
- 11 yanvar, 2023
- 13:18
Yeniliklərdən dərhal xəbərdar olun!
"Gənclərimizin istəkləri ədalətli, ölkəmizin ərazi bütövlüyünə uyğun, həm də beynəlxalq çağırışların tələbidir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan xalqı gecə-gündüz şaxtalı-qarlı havada Laçın-Xankəndi yolunda öz haqlarını tələb edən gənclərlə fəxr edir:
"Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə dedi ki, Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Bu gün ölkəmizdə qürur duyulacaq vətənpərvər gənc nəsil yetişib. Gənclərimiz soyuğa, şaxtaya baxmayaraq öz məqsədlərindən dönmək niyyətində deyillər. Bu gün Qərb ekologiyanın qorunması məsələsini əsas prioritet elan edib. Azərbaycan beynəlxalq çağırışlara həmişə könüllü qoşulub və ona görə də öz ərazisində erməni separatçılara ekoloji terrorun davam etdirilməsinə imkan verməyəcək. Aksiyaçıların tələbləri filiz mədənlərində monitorinqlərin keçirilməsinə imkan yaradılması, qanunsuz istismarın dayandırılması ilə bağlıdır. Çünki ermənilərin məskunlaşdığı Qarabağ torpaqları Azərbaycanın suveren əraziləridir. Suveren ərazilərimizin yeraltı və yerüst sərvətləri də Azərbaycan vətəndaşlarına məxsusdur. Ona görə də kim Qarabağda yaşamaq istəyirsə, vətəndaşlığımızı alıb bayrağımızın altından keçməlidir. Kim vətəndaşımız kimi yaşamaq istəmirsə, rədd olub ərazilərimizi tərk etməlidir. Əks halda xalqımızın milli sərvətlərinin talanmasına yol verilməyəcək".
Ermənilərin humanitar blokadaya alındıqları barədə feyk məlumatları qapı-qapı gəzib dünyaya car çəkdiyini deyən deputat bildirib ki, onların bütün cəhdləri mənasız və yalan üzərində qurulduğundan heç bir perspektivə malik deyil:
"Laçın-Xankəndi yolunda heç bir blokada yoxdur və bu yol vasitəsilə sülhməramlıların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri, təcili tibbi yardım maşınları sərbəst hərəkət edir. Biz bilirik ki, sülhməramlıların avtomobilləri ermənilərə ərzaq və digər məişət malları daşıyır. Hətta, mülki avtobusların hərəkətinə də heç bir məhdudiyyət yoxdur. Belə olan halda hansı humanitar blokadadan danışdıqları da məlum deyil".
"Artıq dünya ictimaiyyəti də ermənilərin yalanlarına inanmırlar. Hətta böyük bacısı olan Fransa BMT TŞ-da Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı Azərbaycana qarşı qətnamə qəbul etdirmək istəsə də, bütün cəhdlər iflasa uğradı. Dünya ictimaiyyəti Fransanın və Ermənistanın yalan yalvarış və ağlaşmalarından yorulub. Azərbaycanın gəncləri öz məqsədlərinə çatmasında israrlıdırlar və hesab edirəm ki, öz məqsədlərinə çatana qədər Laçın-Xankəndi yolunda dinc aksyaya davam etdirəcəklər", - A.Badamov vurğulayıb.