Gənclər Təşkilatları Milli Şurasına yeni sədr seçilib - YENİLƏNİB

Daxili siyasət
  • 27 noyabr, 2023
  • 08:15
Gənclər Təşkilatları Milli Şurasına yeni sədr seçilib - YENİLƏNİB

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) XX Hesabat-Seçki Qurultayı keçirilib, Rafael Hacıbəyli qurumun yeni sədri seçilib.

"Report" xəbər verir ki, qurultayda həmçinin NAYORA-nın sədr müavinləri, İdarə Heyəti və Mərkəzi Nəzarət-Təftiş Komitəsinin üzvləri də müəyyənləşib.

Belə ki, Nail Şükürov (“Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi) və Güldanə Dadaşova (Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyi) NAYORA sədrinin müavinləri seçiliblər.

Bundan başqa, Azad Manaflı (“İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai Birliyi), Əli Abdullayev (Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi), Elman Əsgərov (Təbiət Dostları Gənclərin Ekoloji Maarifləndirilməsinə Kömək İctimai Birliyi), Orduxan Qəhrəmanzadə (Erasmus Tələbə Şəbəkəsi Azərbaycan İctimai Birliyi), Rüfət Əsədzadə (Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyi), Nərminə Hüseynzadə (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Bakı İctimai Birliyi) və Ülvi Camalsoy (Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi) qurumun İdarə Heyətində təmsil olunacaqlar.

Eyni zamanda Mərkəzi Nəzarət-Təftiş Komissiyasına Aynurə Salmanlı (Gənclərin Maarifləndirilməsinə Dəsətək İctimai Birliyi), Ənvər İsmayılov (“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi), Cəsur Mədətzadə (Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi), Murad Yusifli (Həkim və Təbib Tələbələr İctimai Birliyi) və Rəsul Quliyev (Bizim Gənclik İctimai Birliyi) üzv seçiliblər.

11:11

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) XX Hesabat-Seçki Qurultayı keçirilir.

"Report" xəbər verir ki, tədbirdə NAYORA rəsmiləri, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin əməkdaşı Tural Məmmədov, Gənclər Fondunun İcraçı direktoru vəzifəsinin icraçısı Qədir Xəlilov, Milli Məclisin deputatları Arzu Nağıyev və Bəhruz Məhərrəmov, həmçinin Milli Şuraya üzv olan gənclər təşkilatları, tərəfdaş qurumların səlahiyyətli təmsilçiləri, həmçinin media nümayəndələri iştirak edirlər.

Qurultayda iştirak edən təşkilatların səsverməsi nəticəsində Milli Şuraya yeni sədr seçiləcək. Həmçinin sədr müavinləri, İdarə Heyəti və Mərkəzi Nəzarət-Təftiş Komitəsinin üzvləri müəyyənləşəcək.

NAYORA-nın sədri Azər Əliyev çıxışında bildirib ki, 11 təşkilatla fəaliyyətə başlamasına baxmayaraq, hazırda qurumda 150 gənclər təşkilatı təmsil olunur: "NAYORA Azərbaycan müstəqilliyini əldə etdikdən bəri fəaliyyət göstərir. Əsas prioritetimiz gənclər siyasətinə dəstək olmaqdır. Pandemiyadan sonra beynəlxalq istiqamətdə də müəyyən fəaliyyətlər ortaya qoymağa çalışmışıq. "Menecerlərin inkişafı proqramı", "Şəbəkə" kimi böyük layihələr həyata keçirilib. Gənclər üçün müxtəlif mövzularda seminarlar, təlimlər keçirilib. Biz bu fəaliyyətləri icra edərkən məhz təşkilatların təkliflərini əsas götürdük. Tək Bakıda deyil, regionlarda, ucqar kəndlərdə də təşkilatlar gənclərin inkişafına dəstək olub".

Qeyd edək ki, ilin sonunda NAYORA-nın hesabat jurnalı çap olunacaq