Gəncədə nənələri tərəfindən imtina olunan qardaş-bacının anaları uşaqları geri istəyib - YENİLƏNİB
- 25 oktyabr, 2023
- 18:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncədə nənələri tərəfindən imtina olunan uşaqların anası övladlarını geri istədiyini bildirib.
"Report"un Qərb bürosunun məlumatına görə, 2 yaşlı və 3 aylıq körpənin anaları, İ.Cəlilova övladlarının olduğu Gəncə şəhər 2 Saylı Uşaq Xəstəxanasına gedərək onları ordan götürmək istəyib.
Lakin qadının narkotik aludəçisi olması, sosial durumu və onun övladlarının qəyyumu olan nənəsinin uşaqlara baxmaq istəməməsi səbəbləri nəzərə alınaraq uşaqlar ona verilməyib.
Qadınla bu barədə danışıqlar aparılıb və ona bildirilib ki, hər iki övladının sağlıq durumu yaxşıdır və sabah onun övladları Bakı şəhərində yerləşən Körpələr evinin birinə yerləşdiriləcək.
Xatırladaq ki, oktyabrın 21-də səhər saatlarında Gəncə şəhərində yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 2 yaşlı oğlan nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edərək gedib. Bir neçə dəqiqə sonra 3 aylıq qız nəvəsini də gətirərək hər iki uşağı İcra Hakimiyyəti əməkdaşlarına verib və qızının övladları olan bu uşaqlara baxmaq istəmədiyini bildirib.
Qeyd edək ki, analoji hal qadının ilk övladı olan zaman da baş verib. Belə ki, o zaman da nənə qızının övladına baxmadığını qeyd edib.
17:57
Gəncə şəhərində 3 aylıq və 2 yaşlı uşaqların sosial təhlükəli vəziyyətdə olması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Uşaq hüquqlarının müdafiəsi mandatı çərçivəsində araşdırılaraq nəzarətə götürülüb.
Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasına gətirilmiş həmin uşaqları tibb müəssisəsində ziyarət edərək, səhhətləri, tibbi sənədləri və ümumi vəziyyətləri ilə yerində maraqlanıblar. Ziyarət zamanı uşaqların vəziyyətinin stabil və normal olduğu müşahidə edilib.
Xəstəxanadan verilən məlumata əsasən uşaqlar himayəsində olduqları nənələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edilib və onlar həmin gün polis tərəfindən xəstəxanaya gətiriliblər. Xəstəxanada uşaqlardan müxtəlif analizlər götürülərək zəruri tibbi xidmətlər göstərilib, sağlamlıq vəziyyətləri nəzarətdə saxlanılıb.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Gəncə Şəhər Baş Polis İdarəsindən uşaqların hüquqlarının təmini, onların himayə məsələsinin həll edilməsi məqsədilə görülən və planlaşdırılan tədbirlər barədə məlumat alınıb. Hazırda qeyd olunan faktla bağlı İdarə tərəfindən araşdırma davam etdirilir.
Uşaqların hüquqlarının təmini vəziyyəti tərəfimizdən diqqətdə saxlanılacaq.