Füzuliyə köçən sakin: “Sevincimi ifadə etməyə gücüm çatmır”
- 18 yanvar, 2024
- 04:38
Yeniliklərdən dərhal xəbərdar olun!
“Çox sevinirik. Bu hissi ifadə etməyə adamın gücü çatmır”.
“Report” xəbər verir ki, bunları keçmiş məcburi sakin, Füzuli sakini Fəxranə Məmmədova jurnalistlərə deyib.
“Sevinirik, çünki neçə illərdir həsrətində olduğumuz torpaqlara qayıdırıq. Cənab Prezidentimiz İlham Əliyev sağ olsun ki, bu günü bizə yaşatdı. Onun uğurlarına çox sevinirik”, - sakin vurğulayıb.
F.Məmmədova qeyd edib ki, müharibə zamanı onun da yaxınları arasında şəhidlik zirvəsinə ucalanlar olub:
“Allah şəhidlərimizə rəhmət eləsin. Mənim doğmalarım arasında da şəhid olanlar var. Cəmi şəhidlərimizin ruhu şad olsun! Allah qazilərimizə can sağlığı bəxş eləsin.
Bundan sonra müharibə görməyək! Hamımız firavan, azad, sağlam yaşayaq. Hər bir evdə şadlıq, şənlik olsun.
Bu sevincli dəqiqələr, fərəh dolu anlar hamıya, hər bir ailəyə qismət olsun.
Füzuliyə həyat yoldaşım, oğlumla birlikdə qayıdırıq. Həyat yoldaşımın qohumları arasında da köçənlər var”.
Qeyd edək ki, azad olunan ərazilərə bu ilin ilk köçü başlayıb. Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən ilk köç yenidən qurulan Füzuli şəhərinədir.
Belə ki, bu gün daha 30 ailə (127 nəfər) Füzuliyə yola salınıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Azərbaycan Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2024-cü ildə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edəcək.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Beləliklə, Füzuli şəhərinə köçürülən ailələrin sayı 410-a (1 519 nəfərə-red) çatıb.