Firuzə Rəsulova: Uşaqları sosial şəbəkələrin zərərindən qorumaq bütün cəmiyyətin məsuliyyətidir

Daxili siyasət
  • 09 iyun, 2026
  • 10:36
Firuzə Rəsulova: Uşaqları sosial şəbəkələrin zərərindən qorumaq bütün cəmiyyətin məsuliyyətidir

Uşaqların sosial şəbəkələrin zərərlərindən qorunması bütün cəmiyyətin məsuliyyətidir.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Rəsulova Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə "Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması" mövzusunda təşkil olunan ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalar bu gün həyatın ayrılmaz hissəsinə çevrilib:

"İnternetdən istifadə uşaqlara ünsiyyət qurmağı öyrətmək və dünyanı tanıtmaqla yanaşı, onlar üçün ciddi təhlükə mənbəyinə də çevrilə bilir. Uşaqların sosial şəbəkələrin zərərlərindən və digər rəqəmsal risklərdən qorunması günün vacib tələbidir. Bu, təkcə dövlət qurumlarının deyil, ailənin, medianın, valideynlərin, məktəbin və ümumilikdə bütün cəmiyyətin məsuliyyətidir".

İctimai Şura sədri qeyd edib ki, uşaqlara bu sahədə qarşılaşa biləcəkləri risklərdən qorunmağı öyrətmək vacibdir.