FHN rəsmisi: Müasir şəhərsalma yanaşması binaların təhlükəsiz istismarının təmin olunmasıdır
- 14 may, 2026
- 16:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Müasir şəhərsalma yanaşması təkcə gözəl estetik binaların tikilməsi deyil, həmçinin onların təhlükəsiz istismarının da təmin olunmasıdır.
"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev deyib.
O bildirib ki, FHN-nin təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar "Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti" mövzusunda dəyirmi masa təşkil olunub:
"Tədbirdə müasir şəhərlərin təhlükəsizliyi məsələlərinə toxunulub. Müzakirələr zamanı sürətli urbanizasiya prosesinin getməsinin, iri miqyaslı tikintilərin, o cümlədən çox mərtəbəli yaşayış binalarının, iri ticarət və logistik mərkəzlərinin, enerji infrastrukturu obyektlərinin sayının artımı, fövqəladə hadisələrin baş vermə ehtimallarının artması xüsusi qeyd olunub. Müasir şəhərsalma yanaşması təkcə gözəl estetik binaların tikilməsi deyil, həmçinin onların təhlükəsiz istismarının da təmin olunmasıdır. Bu kontekstdə dövlət nəzarəti fövqəladə hallara davamlı infrastrukturun qurulmasına xidmət edir".