Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsinin bugünkü yarışı Vətən müharibəsində zəfərə həsr olunub
- 16 noyabr, 2025
- 12:52
"Yüksəliş" müsabiqəsində bugünkü yarış Vətən müharibəsində zəfərə həsr olunub.
"Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqənin "Zəfərdən yüksəlişə" kvizində jurnalistlərə açıqlamasında deyib.
O, vurğulayıb ki, "Yüksəliş" müsabiqəsinin əsas qayəsi ölkədə yeni formatda idarəçilərin olması və dövlətə, cəmiyyətə təqdim edilməsidir: "Müxtəlif mərhələlər keçmiş iştirakçılarla müntəzəm görüşlər keçirik. Onlardan ən maraqlısı intellektual yarışlardır".
"Bugünkü yarış Vətən müharibəsindəki zəfərə həsr olunub. Müsabiqə cəmiyyət üçün çox maraqlı fenomenə çevrilib. Hələ yeni mərhələyə start verilməməsinə baxmayaraq, müraciət etmək istəyənlər kifayət qədərdir. Müsabiqə cəmiyyətdə böyük inam qazanıb. Qarabağın dirçəlişi, zəfər yarımfinal və final mərhələlərinin əsas mövzularındandır. Hər il bu mövzularda müzakirələr olur.
Müsabiqənin əsas dəstəkçisi Prezident İlham Əliyevdir. Müsabiqə onun sərəncamı ilə keçirilir. 116 qalibin 40-dan çoxu artıq vəzifəyə yüksəlib. Düşünürük ki, qalib olub-olmamasından asılı olmayaraq, müsabiqə iştirakçılarının hamısı üçün yüksəliş baş verir. Çünki hər iştirakçı nə isə qazanır", - o bildirib.