Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyəti ilə bağlı toplantı keçirilib

Daxili siyasət
  • 08 fevral, 2022
  • 07:56
Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyəti ilə bağlı toplantı keçirilib

Bu gün bir sıra Qeyri-Hökumət Təşkilatı sədrlərinin iştirakı ilə Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi məqsədilə toplantı keçirilib.

“Report”un xəbərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov xatırladıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə zəfər əldə edib.

“İndi bizim qarşımızda çox böyük vəzifələr durur. Azərbaycan dövlətinə və xalqına qarşı hələ də təəssüf ki, ikili standartlar yer almaqdadır”, - o vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli isə deyib ki, Ermənistan Azərbaycana qarşı çox böyük vəhşiliklər həyata keçirib: “Bizim təkcə insanlarımız soyqırıma məruz qalmayıb, mədəniyyət, tarixi abidələrimiz də ermənilərin törətdiyi soyqırımın qurbanı olub. İrəvan şəhərində bizim böyük mədəniyyət abidələrimiz vardı. Orada bizim xan və əsilzadə nəsillərinin evləri və sarayları olub. Onlar da ermənilər tərəfindən darmadağın edilib. Onlar bu vəhşilikləri bütün Qərbi Azərbaycan ərazilərində ediblər. Bu gün dünya ictimaiyyəti həmin torpaqların Azərbaycan ərazisi olduğunu qəbul etmək məcburiyyətindədir. Təəssüf ki, beynəlxalq ictimaiyyət 200 il ərzində Ermənistan tərəfindən Azərbaycan xalqına, mədəni irsinə qarşı törədilən vəhşiliklərə laqeyd yanaşıb. Torpaqlarımız işğal altında olan illərdə də biz bunun şahidi olduq. Biz qalib dövlət və millətik”.

Milli Məclisin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev hazırda işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını vurğulayıb: “Hesab edirəm ki, 30 il ərzində yerlə-yeksan olmuş tarixi, mədəni, dini irsimizin bərpa edilməsi məsələsi də çox önəmlidir. Mən uşaqlığımı Qarabağda keçirmişəm. Hazırda həmin ərazilərə gedən zaman isə dəhşətə gəlirəm. Şuşada, Şərqi Zəngəzurda istənilən toponimə fikir verən zaman görərik ki, onun mənşəyi Qərbi Azərbaycana gedib çıxır. Dünya ictaimiyyəti ikili standartları kənara qoymalıdır. Mədəni mülkiyyət məsələlərinə çox ciddi yanaşmalıdır”.

“Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri Nəsiman Yaqublu isə qeyd edib ki, ermənilər bu gün də Azərbaycan üçün ciddi problemlər yaradırlar: “Bizim abidələrimizi pasportlaşdırıblar. Onlar xarici ekspertlər dəvət edərək Qarabağda 400-ə yaxın abidələrimizi saxtalaşdıraraq pasportlaşdırıblar. Bu yaxınlarda Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentlərində təsdiqləndi. Hesab edirəm ki, bu çox vacib bir sənəddir”.

Tədbir çıxışlarla davam etdirilib və sonda Ermənistan ərazisindəki Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımla bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciətin ünvanlanmasına razılıq ifadə edilib.

44 filmi