Əlverişli coğrafi mövqe Bakı və Daşkəndi Avrasiya meqalayihəsinin idarəetmə mərkəzinə çevirir - RƏY
- 22 avqust, 2026
- 13:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Avrasiyanın geostrateji xəritəsində Qafqaz və Mərkəzi Asiyanın kəsişməsində köklü transformasiya prosesləri yaşanmaqdadır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri ərəfəsində bu ölkənin Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Bakı ilə Daşkənd arasında münasibətlərin situativ tərəfdaşlıq mərhələsini geridə qoyaraq dərin, təsisatlaşmış müttəfiqlik səviyyəsinə yüksəldiyini aydın şəkildə nümayiş etdirir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, iki ölkə arasındakı əlaqələr misilsiz dərəcədə möhkəm normativ-hüquqi bazaya, xüsusən də Müttəfiqlik münasibətləri haqqında tarixi Müqaviləyə söykənir:
K.Bayramov qeyd edib ki, yaranmış yeni konfiqurasiyada Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu (TRIPP) adlandırılan təşəbbüs xüsusi geoiqtisadi əhəmiyyət kəsb edir.
Deputat bildirib ki, TRIPP və Orta Dəhlizin sinergiyası nəqliyyat sektorunu Bakı ilə Daşkənd arasındakı alyansın əsas hərəkətverici qüvvəsinə çevirir, yeni qlobal tranzit üfüqləri açır:
"Burada tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP təşəbbüsü ilə birləşdirilməsini nəzərdə tutan yeni strateji formula xüsusi diqqət çəkir. Bu inteqrasiya Özbəkistanı nəqliyyat təcridindən çıxararaq Çinə birbaşa dəmir yolu çıxışı ilə təmin edir, oradan isə Çin və Özbəkistan yükləri Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə mühafizə olunan TRIPP koridoru ilə Avropa bazarlarına çatdırılır. Əlverişli coğrafi mövqe hər iki ölkəni Avrasiya meqalayihəsinin təbii dispetçer və idarəetmə mərkəzinə çevirir".
K.Bayramovun sözlərinə görə, hazırda Bakı və Daşkənd diqqəti praktiki həllərə yönəldərək infrastruktur obyektlərinin tikintisini yüksək əməliyyat hazırlığı mərhələsinə çatdırıblar:
"İnteqrasiyanın digər mühüm istiqaməti energetika sahəsidir. Azərbaycan Naxçıvandan Türkiyəyə 230 kilometrlik yüksəkvoltlu elektrik verilişi xəttinin və müasir konvertor yarımstansiyasının tikintisini planlaşdırır. Bu addım Mərkəzi Asiya və Avropanın enerji sistemlərini Qafqaz üzərindən birləşdirməyə imkan verəcək. Prosesin əsas koordinatoru kimi Bakı, Daşkənd və Astananın yaratdığı "Yaşıl Dəhliz İttifaqı" çıxış edir. Eyni zamanda, Naxçıvanda 194 kilometrlik dəmir yolu xəttinin yenidən qurulmasına başlanılması regionun buraxılış qabiliyyətini və tranzit potensialını əhəmiyyətli dərəcədə artırır".